Bakıda “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılışı olub.
Banker.az Report agentliyinə istinadən xəbər verir ki, ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski açılış mərasimində iştirak edib.
Ukrayna Prezidenti yeni açılan mağazada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, “Ukrayna Məhsulları” ticarət şəbəkəsi artıq iki ildən çoxdur ölkəmizdə fəaliyyət göstərir və Bakıda doqquz mağazası var. Ticarət şəbəkəsinin mağazalarında Ukraynadan gətirilən geniş çeşiddə ərzaq və içki məhsulları satılır.
Diqqətə çatdırılıb ki, gələn ilin fevralında Bakıda “Ukraynska Xata” adlı restoran da istifadəyə veriləcək.
Azərbaycan ilə Ukrayna arasında ticarət əlaqələrindən və dostluq münasibətlərindən danışan Prezident Vladimir Zelenski deyib:
-Bizim dövlətlərimiz arasında tarixi münasibətlərimiz var. Mən düşünürəm ki, əlaqələrimiz təkcə qarşılıqlı iqtisadı maraqlara və investisiya mühitinə əsaslanmır. Əlaqələrimiz daha yüksək səviyyədədir. Hər şeydən öncə zənnimcə, bu, xalqlarımız arasında bir-birinə olan rəğbətdir. Xalqlarımız bir-birinə qarşı isti münasibət bəsləyirlər. Bu, mənim Bakıya Prezident kimi birinci səfərimdir, birinci olsa da, sonuncu olmayacaq. Düşünürəm ki, səfərlərin sayını artırmaq lazımdır. İstəyərdik ki, Azərbaycanın ticarət imkanları Ukraynada geniş təqdim olunsun və əksinə.