20 C
Baku
Saturday, October 12, 2024

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi indiyə qədər 290 mln. dollarlıq ixraca dəstək verib

Azərbaycanda fiziki və hüquqi şəxslər 2017–ci ilin iyun ayından 2019–cu ilin dekabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə təxminən 10 min dəfə real müraciət edib. 

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. 

Məlumata görə, indiyə qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ümumilikdə 4 037 ədəd sertifikat (2 061 ədəd mənşə, 1 679 ədəd fitosanitar, 127 ədəd baytarlıq, 20 ədəd qida təhlükəsizliyi, 123 ədəd Beynəlxalq CİTES, 12 ədəd dini təyinatlı ədəbiyyata razılıq sənədi, 15 ədəd mədəni sərvətin mühafizəsi şəhadətnaməsi) verib. Bu sertifikatlar hesabına 290,5 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirilib. 

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həm dövlət, həm də özəl qurumlar müxtəlif adda məhsullar ixrac edib. Bu məhsullara tikinti-sənaye, kənd təsərrüfatı məhsulları, qənnadı məmulatları, ayaqqabı altlıqları, qiymətli külçələr, qlükoza və nişasta məhsulları, diş məcunu, nəmləndirici krem, şərab, samovar, dini təyinatlı ədəbiyyat, o cümlədən nadir heyvan növlərindən sayılan Dağıstan turu, timsah dərisindən hazırlanan saat, çanta, nərəcinsli balıqların əti və kürüsü aiddir. 

Mərkəzlə əməkdaşlıq edən şirkətlər arasında “AzərGold”, “Baku Steel Company”, “T.Əhmədov adına AZNAR”, “ATENA”, “Azərtütün”, “Food Export Şəmkir”, məhsullar arasında isə polad armatur yayması, polad boru, meyvə şirələri, nar, pendir ixracı üstünlük təşkil edib. Sertifikat verilən məhsullar əsasən İsveçrə, Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, İraq, İsrail, Bolqarıstan, Qazaxıstan, Çexiya, Polşa, Sinqapur, İspaniya, Meksika, Macarıstan, Finlandiya, Kanada, ABŞ, Belarusiya, Vyetnam, Niderlanda ixrac edilib. İxrac olunan ölkələr arasında İsveçrə (71, 3 milyon ABŞ dolları), Rusiya (46,8 milyon ABŞ dolları), Gürcüstan (36,6 milyon ABŞ dolları), Türkiyə (16.9 milyon ABŞ dolları), Ukrayna (1 milyon ABŞ dolları) öz ixracı ilə digər ölkələrdən fərqlənib.

Son xəbərlər
Digər xəbərlər