“Araşdırmalara görə, hazırda hər insan 1 saniyədə 1,7 MB DATA istehsal edir. Bu isə çox böyük rəqəmdir”.
Bunu “Dövlət idarəçiliyində böyük həcmli məlumatlar” mövzusunda keçirilən seminarda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ceyhun Salmanov deyib.
“Hesablamalara görə, bu gün mövcud olan DATA-ların 90%-i son 2 ildə yaradılıb. 2020-ci ildə 50 milyon smart avadanlıq şəbəkəyə qoşulacaq. Bu isə istehsal ediləcək DATA-nın həcminin daha da artmasına gətirib-çıxaracaq”, – deyə o, qeyd edib.
Bundan başqa, sədr müavini bildirib ki, hazırda “ASAN Xidmət”in nəzdindəki INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzinin iki təlim tədris mərkəzi var.
“Gələn il Bakıda 2 “ASAN Xidmət” mərkəzi açılacaq və onların birində INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzinin nümayəndəliyi olacaq. Hətta burada da təlim-tədris mərkəzi yaradılacaq”, – deyə C.Salmanov əlavə edib.
©Report