Bu yaxınlarda amerikalı alimlərdən ibarət bir qrup dünyanın müxtəlif ölkələrində xoşbəxtlik indeksinin necə olduğu barədə hesabatını nəşr etmişdir. Hesabatın özündə bunun müstəqil alimlər qrupu tərəfindən hazırlandığı və müxtəlif statistik təhlillərə əsaslandığı qeyd olunur. Xoşbəxtlik indeksinin hesablanması üçün adambaşına düşən ÜDM, həyat davamiyyəti, rüşvətxorluğa münasibət, səxavətliliyin inkişaf etmə səviyyəsi, seçim azadlığı və s. kimi cəhətlər nəzərə alınmışdır. Bu hesabata əsasən ən xoşbəxt ölkə Danimarkadır (7,693). Onun ardınca Norveç (7,655), İsveçrə (7,650), Hollandiya (7,512) və İsveç (7,480) gəlir. Azərbaycan bu reytinqdə 4,604 xoşbəxtlik indeksi ilə 116-cı pillədə qərarlaşmışdır. Bizim ölkədən əlavə, Ermənistan 128 (4,316), Gürcüstan 134 (4,187), Rusiya isə 68-ci pillədə (5,464) qərarlaşmışdır.
Bəs bir azərbaycanlının xoşbəxt olması üçün onun nə qədər pula ehtiyacı vardır?
Müstəqil iqtisadçı Oktay Haqverdiyev bildirmişdir ki, bir azərbaycanlının özünü xoşbəxt hiss etməsi üçün təqribən 1000 manat əldə etməlidir. Bu yaxınlarda bizdə aparılan araşdırmaya görə, vətəndaşımıza normal həyat üçün minimum 350-400 manat lazımdır. Lakin aydın məsələdir ki, pul heç vaxt bəs etmir və insan nə qədər çox qazanırsa, bir o qədər çox da əldə etməyə çalışır. Ümumilikdə, xoşbəxt insan dedikdə, özünü hər bir şeylə təmin edə bilən insan başa düşülür. Bura qidalanma, kommunal xidmətlər, istirahət, əyləncə və s. daxildir. Bizdə orta əmək haqqı 420 manatdır. Əgər ailədə 4 nəfər varsa və yalnız 1 nəfər işləyirsə, çətin ki, bu 420 manat onları xoşbəxt edə bilsin. Yox əgər, ailənin 1 üzvünə 420 manat düşərsə bu ayrı məsələ.
Lakin bir faktı unutmayaq ki, hər kəs xoşbəxtliyi baş cür qəbul edir. Elə insanlar var ki, kasıb olsalar da, xoşbəxtdirlər. Xoşbəxt insan ətrafındakı hər bir şeylə yetinə bilən insandır. 100-200 manat təqaüd alan insanlar var. O bu vəsaitlə teatra, operaya gedə bilməz. Çətin ki, o xoşbəxt olsun. Lakin digər tərəfdən, bunlar ona ümumiyyətlə lazım olmaya bilər. Və o sahib olduqlarına görə özünü tamamilə xoşbəxt hiss edə bilər. Lakin Azərbaycanda bir vəətndaşın özünü bütünlüklə xoşbəxt hiss etməsi üçün heç deyilsə 1000 manat qazanması lazımdır.