Artıq bu gün bir çoxlarının aylardır və hətta illərdir gözlədiyi futbol üzrə 20-ci dünya çempionatı başlayacaq. Bu futbol bayramı 12 iyun – 13 iyul ərəfəsində Braziliyada keçiriləcək. Açılış matçı San-Pauluda “Korintians arena”-da Braziliya – Xorvatiya arasında baş tutacaq.
Lakin çempionat yaxınlaşdıqca Braziliyada etirazlar dalğası da yüksəlməkdə idi. İnsanlar ölkənin üzləşdiyi çox saylı maliyyə və iqtisadi problemlər cəhətdən çempionata “yox” deyirlər. Bu Braziliyada nadir hallarda baş verib. Axı insanlar bu ölkədə çempionat keçirilməsini daim sevinclə qarşılamışlar. Braziliyada çempionat əleyhinə yüksəlmiş bu etirazlar belə bir sual doğurur – Çempionatın məhz bu ölkədə keçirilməsi mütləq idimi? Bu turnir ölkəyə iqtisadi cəhətdən nə kimi xeyir, nə zərər qazandıra bilər?
Dünya çempionatı Braziliyaya psixoloji böhrandan çıxmağa kömək edə bilər. Son zamanlar baş verən hadisələr əhalinin necə bir psixoloji yorğunluq yaşadığını sübut etdi. Heç kimin yaxşı həyata ümid etmədiyi bir vaxtda, ölkə rəhbərliyinin çempionata bu qədər pul ayırması vətəndaşları özündən çıxardı. Əgər bu qədər pul vardısa, niyə onları vətəndaşlara vermirdilər? Lakin dünya çempionatı hər zaman sevinc gətirir və insanlar bir aylıq da olsa problemlərindən uzaqlaşa bilərlər. Hətta stadionların əksəriyyətində maddi vəziyyəti yaxşı olmayan pərəstişkarlar üçün ucuz yerlər də ayrılıb.
Ölkə rəhbərliyinin stadionların inşa edilməsi üçün ayırdığı məbləğ onlara geri dönə bilər. Burada keçirilən etirazların əsas səbəbi də, bu pulların geri dönəcəyi və əvəzinin olub-olmayacağı sualı ilə bağlı idi. Ölkəyə külli miqdarda turist axını var. Futbol biletlərinin satılmasından, otel xərclərindən və s. xidmətlərdən əldə edilən gəlir dövlət xəzinəsinə gedəcək. İstənilən halda stadionlar futbol fanatları ilə dolacaq. Çünki hər birimiz braziliyalıların futbolu necə sevdiklərini yaxşı bilirik. Bu da o deməkdir ki, pul olacaq.
Etirazların çempionat ərəfəsində də baş verməsi istisna hal deyil. Yaranmış vəziyyət tək tamaşaçılar üçün deyil, həmçinin futbolçular üçün də təhlükə doğura bilər. Əhali sözün əsl mənasında fəal şəkildə etiraz edir və konfliktin sonu polisin məsələyə qarışması və göz yaşardıcı qazdan istifadə etməsi ilə bitir. Vətəndaşlar isə polislərə qarşı fişənglərdən və digər partlayıcılardan istifadə edir. Braziliya küçələrində baş verənləri təsəvvür edin. Bu faktı önə çəkərək, çempionata başqa bir ölkənin ev sahibliyi etməsi daha yaxşı olardı.
Lakin bir ehtimalı unutmayaq ki, çempionatın keçirilməsinə yatırılmış pullar geri dönməyə bilər. Hər şeyi zaman göstərəcək və nəticənin braziliyalıların ümid etdiyi şəkildə olacağını güman etməkdə fayda var.