Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri Azərbaycanda bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına $300 milyondan artıq səmayə yatıracaqlar. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.
Dünən Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
“ACWA Power” və “Masdar” şirkətlərinin bərpaolunan enerji mənbələri sahəsində həyata keçirəcəkləri pilot layihələr ümumilikdə $300 milyondan artıq qiymətləndirilir. Şirkətlər maliyyələşdirmənin bütün həcmini öz üzərlərinə götürürlər”, – Əliyeva bildirib.
Eyni zamanda, “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı dünən Azərbaycan prezidenti İlham Əliyev ilə görüeş zamanı bildirib ki, şirkətin ölkədə reallaşdrıcağı layihəyə sərmayələr $200 milyon təşkil edəcək. “Bu layihədə sağlamlıq və əməyin təhlükəsizliyi, vaxt, keyfiyyət, etibarlılıq baxımından üzərimizə öhdəlik götürürük. Bu layihə 200 milyon dollar dəyərindədir”, – o bəyan edib.
Energetika Nazirliyinin məlumatına görə, “ACWA Power” və “Masdar” qeyd olunan layihələrin reallaşdırılması üçün üçmərhələli seçim vasitəsilə seçiliblər. Həmin seçimdə 7 şirkət iştirak edib.
“ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpaolunan enerji sahəsində 8000 meqavat olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.
“Masdar” şirkəti isə bərpaolunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4000 meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 milyard dollar investisiya yatırıb.
Bu gün Azərbaycanda elektrik enerjisinin 91,9%-i ənənəvi enerji resursundan – təbii qazdan alınır. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1%-i həcmindədir. İri su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir.
Qiymətləndirmələrə görə, bərpaolunan enerji mənbələrinin potensialı 26 min MVt ətrafındadır.
Bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması nəzərdə tutulur. Bərpaolunan enerji mənbələrindən istehsal ediləcək 1 milyard kVt/st elektrik enerjisi 200 milyon kubmetrdən çox qaza qənaət etməyə imkan verəcək.
©Interfaks-Azərbaycan