20 C
Baku
Tuesday, October 1, 2024

Diyircəkli qələmi kim yaradıb?

20-ci əsrin 30-cu illərinin ortalarında macarıstanlı jurnalist Laslo-Cozef Biro lələkli qələmin istifadə müddətini artırmaq məsələsi üzərində işləyir. O öz ideyasını qardaşı Georq ilə bölüşür. Onun qardaşı isə ixtisasca kimyaçı olur və onlar böyük həvəslə yeni formalı qələmin üzərində işləməyə başlayırlar. İxtiraçılar  qələmin iti ucunu mürəkkəbli və diyirlənən sonluq ilə bitirməyi qərara alırlar. 1938-ci ildə Biro qardaşları ilk nümunəvi diyircəkli qələm yaradırlar, lakin onu kütləvi sayda istehsal edə bilmirlər. Bu zaman İkinci dünya müharibəsi başlanır və jurnalist Laslo ilk olaraq Parisə, daha sonradan isə Argentinaya köçməli olur.

1940-cı ildə qardaşı da onun yanına gəlir. Onlar öz layihələri ilə sahibkar Xuan Meynanın diqqətini çəkə bilirlər və o yeni formalı qələmlərin istehsalını sərmayələşdirməyə razılıq verir. 1942-ci ildə kiçik bir Argentina fabriki Birome adlı diyircəkli qələm istehsalına başlayır. Birome  – Biro və Meyne soyadlarının birləşməsindən əmələ gətirilir. Maraqlıdır ki, bu ilk diyircəkli qələmləri ilk olaraq pilotlar qiymətləndirir. Lələkli qələmlərdən fərqli olaraq diyircəkli qələmlər atmosfer təzyiqinin aşağı olduğu hündürlükdə axmırdılar. 1944-cü ildə Biro ABŞ-da daha böyük uğur qazanmaq ümidləri ilə lisenziyanı iki amerikan şirkətinə satır. Lakin bu zaman gözlənilməz rəqib peyda olur. 1943-cü ildə Argentinadan diyircəkli qələm alan amerikalı Milton Reynolds ABŞ-da özü istehsala başlamağı planlaşdırır.

Bu sahibkar reklama böyük yatırım edir. İlk “ReynoldsRocket” qələmləri 1945-ci ilin 19 oktyabrında satışa buraxılır. 10 minlərlə qələm bir neçə saat ərzində satılır və qələmlərin bir ədədinin dəyəri 12,5 dollara idi. Rəsmi lisenziyaya sahib “Eversharp” şirkəti bu “fərasətli” sahibkarı məhkəməyə versə də, öz hüquqlarını qoruya bilmir. Hər iki şirkət uzun illər boyu amerikan bazarında gərgin rəqabət aparırlar. Yeri gəlmişkən, bu rəqabətin nəticəsi olaraq diyircəkli qələmlərin dəyəri 12,5 dollardan 50 sentə enir. Düzdür, bu zaman keyfiyyət də zərər görür. 50-ci illərdə diyircəkli qələmlər bazarında yeni fransız BIC şirkəti peyda olur. Laslo Biro isə 1947-ci ildə kommersiya fəaliyyətindən uzaqlaşır və özünü rəssamlığa həsr edir. Onun ikinci vətəninə çevrilən Argentinada onu hələ də xatırlayırlar. Hər il, onun doğum günü olan 29 sentyabr  İxtiraçı günü kimi qeyd olunur.

Son xəbərlər
Digər xəbərlər