Bizim qeyri-neft ixracımız 14 faiz artıb. Bu, böyük artımdır. Ancaq qeyri-neft ixracının artımını müəyyən dərəcədə əngəlləyən obyektiv səbəblər var.
Bunu yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə giriş nitqində deyib.
Dövlət başçısı bildirib:
“Özünüməşğulluq proqramı ilə bağlı bizim təşəbbüsümüzlə Dünya Bankı da bu proqrama dəvət olundu. Burada əsas məqsəd, təbii ki, Dünya Bankının vəsaitindən istifadə etmək deyil. Halbuki bu da önəmlidir. Əsas məsələ onların təcrübəsindən yararlanmaqdır. Çünki Dünya Bankı bir çox ölkələrdə oxşar proqramları icra edib və onların bu sahədə böyük təcrübəsi var. Ona görə imzalanacaq sazişə də böyük əhəmiyyət veririk. Əminəm ki, saziş imzalanandan sonra Dünya Bankı ilə bu istiqamət üzrə bizim yeni əməkdaşlıq çərçivələrimiz də müəyyən ediləcək.
Ünvanlı sosial yardımla bağlı 70 faiz artım çox ciddi artımdır və artıq siz qeyd etdiniz ki, 72 min ailə əhatə olunur və burada da əlbəttə ki, əsas məsələ ədalətdir. Məhz o ailələr ki, doğrudan da, ehtiyac içindədir, o ailələr ki, onların maddi vəziyyəti ağırdır, onlar bu yardımdan istifadə etməlidir.
Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir. Bu məsələ ilə bağlı mən Sizə göstəriş vermişəm. Əgər keçən il 934 mənzil verilmişdisə, bu il hesab edirəm ki, 1500 mənzil verilməlidir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik.
Bizim indi iqtisadi göstəricilərimiz, hesab edirəm ki, müsbətdir, xüsusilə qeyri-neft sənaye istehsalı qeyd etdim ki, 14 faiz artmışdır. Kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. İndi İqtisadiyyat naziri məlumat versin ki, bu ilin iqtisadi inkişafla bağlı hansı proqnozları var. İnvestisiya proqramı keçən ay təsdiqləndi və vaxt itirmədən icra edilməlidir. Bizim qeyri-neft ixracımız 14 faiz artıb. Bu, böyük artımdır. Ancaq qeyri-neft ixracının artımını müəyyən dərəcədə əngəlləyən obyektiv səbəblər var. Onlardan birincisi əhalinin artımıdır. Yəni, biz daha çox daxildə istehlak edirik. İkinci amil turistlərin sayının artmasıdır. Yəni, əgər 5 il bundan əvvəl 2 milyondan az adam gəlirdisə, indi 3 milyondan çox adam gəlir. Əlbəttə ki, daxili istehlak və daxili tələbat artır. Ona görə qeyri-neft ixracının uzunmüddətli strategiyası işlənməlidir və həm bu strategiya mövcud olan bazarlarla bağlı olmalıdır, perspektiv bazarlara çıxışla bağlı işlər aparılmalıdır. Ümumiyyətlə, biz indi bilirik ki, hər il əhali ən azı 100 min artır. Bunu biz uzunmüddətli proqnoz kimi götürərək daxili tələbatın həcmini də müəyyən etməliyik. Çünki biz əgər istehsalı, qeyri-neft istehsalını artırmasaq, gələcəkdə bizim qeyri-neft ixracımız daha da aşağı düşəcək, nəinki artacaq. Ona görə də burada emal sənayesinin stimullaşdırılması məsələləri gündəlikdədir. Ona görə İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əlaqədə olmalıdır. Çünki bizim əsas qeyri-neft ixracımız kənd təsərrüfatı mallarıdır. Bu barədə məlumat verin. Dövlət İnvestisiya Proqramı artıq təsdiqləndi və bunun əsas məqsədi iqtisadi artımı təmin etməkdir. Ancaq, eyni zamanda, dövlət hazırda əsas investor kimi fəaliyyət göstərir. Ancaq biz istəyirik ki, qeyri-neft sahəsində əsas investor özəl sektor olsun”.