15 C
Baku
Wednesday, October 2, 2024

“Problemli kreditlərin həcmi 1 milyarda çatır”

Samir Əliyev: “Zərərlə işləyən bankların sayı artıq 11-ə, bankların zərəri isə 34 milyon manata çatıb”

Mərkəzi Bank aprel ayı üzrə statistik məlumatları nəşr edib. Məlumatlara nəzər yetirərkən ölkədə problemli kreditlərlə bağlı durumun daha da ağırlaşdığı açıq şəkildə görünür.

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, Mərkəzi Bankın açıqladığı rəqəmlər bu istiqamətdə durumun ürəkaçan olmadığını göstərir: “Mərkəzi Bankın ilin əvvəlində atdığı sərt tədbirlər uzunmüddətli dövr üçün bank sistemini xilas etməyə yönəlsə də artıq sistemdə illərlə mövcud olmuş xroniki xəstəlikləri üzə çıxartmaqdadır. Əslində bu gözlənilən idi. Çünki bankların uzun müddət məsuliyyətsiz kredit siyasəti, kredit risklərini düzgün qiymətləndirməmələri, istehlak kreditləşməsi bazarından asılılıqlarının artması onların maliyyə dayanıqlığını zərbə altına qoymalı idi. Bank sektorunda böhranın simptomları getdikcə özünü daha qabarıq göstərir. Zərərlə işləyən bankların sayı artıq 11-ə çatıb. Halbuki ilin əvvəlində cəmisi 4 bankın maliyyə vəziyyəti pis idi. Bankların zərəri 34 milyon manat həddindədir”.

S.Əliyevin fikrincə, digər bir problem vaxtı keçmiş kreditlərlə bağlıdır. Problemli kreditlərin həcmi artıq 895,6 milyon manatdır. Ümumi kredit qoyuluşunda payı 10 ay əvvəlki həddə – 5,5%-ə çatıb. Bu o deməkdir ki, bankların ölkə iqtisadiyyatına yönəltdiyi hər 100 manatın 5,5 manatı geri qayıtmır. Bu, kritik hədd sayılmasa da prosesin ona doğru getməsi şübhəsizdir: “Problemli kreditlərin həcmi son 1 ildə 18,7%, 2014-cü ilin 4 ayında isə 13% artıb. Cari ildə 102,8 milyon manatın taleyi sual altına düşüb. Halbuki ötən il 44 milyon manata bərabər olub.

Problemli kreditlərin həcmi hətta 2003-cü ildə ölkə iqtiasdiyyatına yönəldilən kredit qoyuluşundan da çoxdur”. İstehlak kreditlərinin həm həcminin, həm də payının artmaqda davam etdiyini deyən S.Əliyev vurğuladı ki, apreldə kredit qoyuluşu 356 milyon manat artıb ki, bunun 152 milyon manatı istehlak kreditlərinin payına düşür. İstehlak kreditlərinin həcmi 6,6 milyon manatdan çoxdur. Ümumi kreditləşmədə payı isə 40,7%-ə çatıb.

S.Əliyevin sözlərinə görə, əmanətlərin orta illik faiz dərəcəsində də azalma var. Azalma daha çox manatla yatırılan əmanətlərdədir. İllin əvvəlindəki 9,42%-dən 9,16%-ə düşüb. Son bir ildə azalma 0,4% bəndi təşkil edib. Ötən ilin müvafiq dövründə orta faiz dərəcəsi 9,55% idi.

Ekspert vurğulayır ki, kreditlərin orta illik faiz dərəcəsi isə aprelin sonuna ilin əvvəl ilə müqayisədə artaraq 14,13%-dən 14,20%-ə yüksəlib. Artım həm milli, həm də xarici valyutada müşahidə edilib.

azadliq.info

Son xəbərlər
Digər xəbərlər