Azərbaycanın maliyyə sektorunun daha dayanıqlı olması üçün qanunları və tənzimləyici mexanizmi beynəlxalq standartlara və qabaqcıl təcrübəyə uyğunlaşdıracaq islahatlar sürətləndirilməlidir.
Bu barədə Dünya Bankının hökumətə təqdim etdiyi tövsiyələrdə bildirilir.
“Nəticədə ölkənin maliyyə sektoruna ictimaiyyətin və sərmayəçilərin etimadı artar, yerli və beynəlxalq sərmayəçilər üçün beynəlxalq aləmdə məqbul hesab edilən qaydalara əsaslanan bərabər şərait yaradıla bilər”, – deyə sənəddə qeyd olunur.
Ölkədə maliyyə sistemini daha təhlükəsiz və dayanıqlı hala gətirmək, böhran vəziyyətlərinə qarşı səmərəli tədbirlər görmək üçün makroprudensial nəzarətin əhəmiyyətini, Maliyyə Sabitliyi Şurasının potensialını artırmağın məqsədəuyğun olduğu göstərilir. Həmçinin Dünya Bankı maliyyə sektorunda mütəmadi olaraq stres-testləri keçirmək, başlıca həssas nöqtələr məsələsini həll etməyi təklif edilir.
Xatırladaq ki, Mərkəzi Banka (MB) ötən ilin noyabr ayında bütün maliyyə sektorunu tənzimləmək səlahiyyəti verilib. 2020-ci ildə və orta müddət ərzində pul siyasətinin və maliyyə sabitləşməsinin əsas istiqamətlərinə dair bəyanatında MB maliyyə sektorundakı potensial riskləri üzə çıxartmaq üçün hərtərəfli monitorinqlər keçiriləcəyini açıqlayıb.
Belə ki, stres-testlәri әsasında müxtәlif iqtisadi şoklara qarşı maliyyә sektorunun vәziyyәtini önlәyici qaydada simulyasiya edәcәk vә zәruri hallarda sektora müvafiq müdaxilәlәr hәyata keçirilәcәk. Bank sisteminin sağlamlaşdırılması üçün sistem әhәmiyyәtli maliyyә institutlarında risklәrin akkumulyasiyasının qarşısının alınması mühüm vəzifələrdən biri hesab ediləcək. Həmçinin bank sektorunda problemli kreditlәrin hәcmini daha da azaltmaq vә kredit tәşkilatları tәrәfindәn yeni kreditlәr verilәrkən tәkmil risk idarәetmәsi prinsiplәrinin rәhbәr tutulması tәşviq edilәcәk.
Bank sisteminin likvidlik sәviyyәsinin mәqbul sәviyyәdә qorunması vә onun sәmәrәli idarә mexanizmlәrinin yaradılması da mühüm vəzifələr arasındadır. 2020-ci ildə bank nəzarət sistemini təkmilləşdirmək, risklərin qiymətləndirilməsi əsasında pilot nəzarət qaydaları tətbiq etmək də qarşıya məqsəd qoyulur. Həmçinin banklarda stres-testləşmənin əhəmiyyətini artırmaq, korporativ idarəçiliyi təkmilləşdirmək istiqamətində də tədbirlər görüləcək.
MB-nın planları arasında normativ hüquqi bazanı təkmilləşdirmək də mühüm yer tutur. Bundan əlavə beynəlxalq maliyyə təsisatları tərəfindən buraxılan istiqrazların emissiyası və tədavülü üçün xüsusi qaydaların tətbiqi, investisiya fondlarının fəaliyyətini təşviq etmək üçün tənzimləmə qaydalarının dəyişdirilməsi də nəzərdə tutulur.
Report