“Azərbaycanda yerüstü su ehtiyatları 30 milyard, yeraltı su ehtiyatları isə təqribən, 9 milyard kubmetrdir. Bu suların, təxminən, 12,8 milyard kubmetri istifadə olunur”.
Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, suvarmada, su təchizatında və sənayedə su itkiləri var: “İstifadə etdiyimiz suyun 70 faizi kənardan ölkəyə çirklənmiş halda daxil olur. Lakin su ehtiyatımızın çox hissəsinin kənardan daxil olmasına baxmayaraq, istifadə zamanı israfçılığa yol verilir, sudan səmərəli istifadə edilmir”.
Şöbə müdiri bildirib ki, suların idarə olunması ilə bağlı məsələlərdə çətinliklər yaradır, xüsusilə əkin sahələrinin suvarılmasında israfçılığa yol verilir, qənaətcil damcılı suvarma sistemlərindən istifadə edilmir: “Hazırda ölkədə bu sahədə müvafiq tədbirlər görülür, anbarlar tikilir, suvarma kanalları inşa edilir, içməli su təchizatı sistemləri yenidən qurulur”.
Nazirlik rəsmisi vurğulayıb ki, içməli suyun ən çox istifadə edildiyi Bakı şəhərinə uzaq məsafələrdən su gətirilir: “Bu da o deməkdir ki, Bakı və Abşeron yarımadasının özünün içməli su ehtiyatı yoxdur: “Buna baxmayaraq, hazırda paytaxtda sudan səmərəli istifadə edilmir. İstifadə olunmuş, çirklənmiş sular təmizlənərək texniki su kimi istifadə olunmaq əvəzinə, çirkli halda çaylara və dənizə axıdılır. Bu amillər ETSN-i narahat edir. Tullantı sularının təmizləyici qurğularda tam təmizlənməməsi dənizin və çayların çirklənməsinə gətirib çıxarır. Qlobal iqlim dəyişikliklərinin təzahürləri Azərbaycanda su ehtiyatlarına da təsirsiz ötüşmür. Yağıntıların az olması və daxili çaylarımızda axınların azalması bu təzahürlərdən biridir. Bütün ölkələr iqlim dəyişiklikləri təzahürlərinə qarşı tədbirlər görür. Azərbaycanda da araşdırmalar, təhlillər və qiymətləndirmələr aparılıb. İqlim dəyişmələrinin şirin su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikilir”.
M.Əbdülhəsənov deyib ki, yağıntının olmaması səbəbindən Kür çayında da son zamanlar suyun azalması qeydə alınır: “Bunlar hamısı özünü Mingəçevir su anbarında göstərir. Şirin su ehtiyatlarını qorumaq, səmərəli və qənaətlə istifadə etmək lazımdır. Hər bir vətəndaş sudan səmərəli istifadə etməli, su ehtiyatının tükənməsinə yol verilməməlidir. Bunun üçün çaylar mühafizə olunmalı, çayların ekoloji axını bərpa olunmalı, eyni zamanda suya qənaetedici texnologiyalardan istifadə edilməli, sudan qənaətlə və təkrar istifadə olunmalıdır”.
©Report