Bu gün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək.
Öncə nümayəndə heyətlərinin bütün iştirakçıları etimadnamələrini təsdiq edəcəklər. Bir qayda olaraq, AŞPA üzvlərinin etirazları olmadıqda etimadnamələr avtomatik təsdiqlənir.
Sessiyanın başlanğıcında AŞPA prezidenti Lilian Mori Paskienin yerinə yeni prezident seçiləcək. Rotasiya əsasında siyasi liberal qrup tərəfindən Belçika nümayəndə heyətinin rəhbəri Hendrik Damsın namizədliyi irəli sürüləcək. Bu prosedurdan sonra nümayəndə heyətləri bütün sessiyanın gündəliyini qəbul edəcəklər.
Sessiyada Büronun və Daimi Komitənin görülmüş işlərə dair hesabatı dinləniləcək, Liviyadakı münaqişənin Avropa üçün fəsadları, quruma üzv olan ölkələrdə seçkilər və demokratiyanın vəziyyəti, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Polşada demokratik institutuların fəaliyyəti, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığı və digər mövzularda müzakirələr aparılacaq.
Qanunsuz miqrasiyaya qarşı mübarizə, Avropada mühacir uşaqların problemi və iş yerlərində dini azadlıqların qorunması kimi mövzular da diqqət mərkəzində olacaq.
Azərbaycanı sessiyada parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Müzakirələrdə deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər. Sessiya çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcək.
©Report