Azərbaycan Dövlət Turizm Agentliyi ölkədə yeni turizm peşə məktəbinin yaradılması yollarını araşdırır.
Bunu Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, bu peşə məktəbinin nəzdində hotel və restoran fəaliyyət göstərəcək ki, məhz orda tələbələr xidmət sahələri üzrə qısa müddətli kurslar keçməklə birbaşa təcrübə toplaya bilsinlər.
“Bu məktəb daha çox turistlərə birbaşa xidmət edən sənət yiyələrinə aiddir. Burada söhbət top menecmentdən deyil, hotel işçiləri, ofisiant və digər peşə üzrə kadrlardan gedir ki, məhz onlara bu gün olduqca böyük ehtiyac var. Bu xidmət növlərinə yiyələnmək üçün uzunmüddətli təhsilin alması mütləq deyil. İnsanlar bu peşələrə intensiv kurs keçərək yiyələnə bilərlər”, – deyə K. Quluzadə qeyd edib.
Agentliyinin mətbuat katibi əlavə edib ki, hazırda turizm peşə məktəbinin yaradılması biznes tərəfdən çox ciddi qaldırılır və iş adamları belə bir ideyanın həyata keçirilməsi üçün lazımı sərmayələrin yatırılmasına, treninq və kursların təşkil edilməsinə maraq göstərirlər.
“Qeyd edim ki, hazırda Agentliyin tabeliyində üç təhsil ocağı fəaliyyət göstərir. Bunlar Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Peşə Məktəbi və Mingəçevir Turizm Kollecidir. Ötən il ərzində bu təhsil ocaqlarında Agentlik tərəfindən ciddi islahatlar aparılıb. Məqsədimiz ondan ibarətdir ki, müəllim və şagird arasında olan münasibətlər tam şəffaf olsun və əldə olunan diplomun arxasında mütləq şəkildə bilik dursun. Apardığımız islahatlardan sonra növbəti addımları düşünürük ki, məhz qeyd olunan peşə məktəbinin yaradılması bu növbəti addımlar sırasındadır”, – deyə K. Quluzadə qeyd edib.
©APA