16 C
Baku
Wednesday, October 30, 2024

Uxan koronavirusu Yaponiya iqtisadiyyatına da böyük ziyan vurur

Çinin Uxan şəhərindən yayılmağa başlayan yeni 2019 nCoV koronavirusu bu gün demək olar ki, bütün dünyanın diqqət mərkəzindədir və dünya KİV-lərinin ən çox diqqətdə saxladığı mövzulardan birinə çevrilib. Sürətlə dünyanın böyük bir hissəsinə yayılan həmin xəstəlik müasir səhiyyənin beynəlxalq böhranına səbəb olub. Hazırda, həkimlər və sahənin digər mütəxəssisləri bu virusun yayılmasının qarşısını almaq üçün vasitə axtardığı bir vaxtda Çin və ətraf ölkələrin, o cümlədən Yaponiyanın iqtisadiyyatı onun ciddi təsirini hiss etməkdədir.

Fevralın 4-də Çinin səhiyyə orqanlarının yaydığı məlumata əsasən, həmin virusa yoluxanların sayı artıq 20 mini keçib. Bu, əvvəlki gün ilə müqayisədə 3 min nəfər çox deməkdir. Xəstəliyə yoluxanlardan 425 nəfərin öldüyü qeyd edilir ki, bu da 2003-cü ildə yayılmış SARS virusu ilə əlaqədar ölənlərin sayını artıq keçib. Həmin vaxt 349 nəfər ölmüşdü.

Xəstələrin yerləşdirilməsi üçün Çin hökumətinin qısa müddətdə xüsusi xəstəxana inşa etməsi, onun bu hadisəyə necə ciddi yanaşdığını təsdiq edir. Lakin bir xəstəxana tibb müəssislərinin və həkimlərin çatışmadığı bu region üçün problemin heç də tam həlli demək deyil. Uxandan yayılan məlumatlar, şəhərin boş küçələri, xəstəxanaların pasientlərlə dolu olduğu gözləmə otaqları vəziyyətin heç də yaxşı olmadığını təsdiq edir.

Doğrudur, bəzi dövlətlərin hakimiyyət orqanları artıq hay-küyün və yalan informasiyaların yayılmasının qarşını almağa çalışsalar da, böhran getdikcə daha ciddi hal almaqda davam edir. Məsələ burasındadır ki, Çinli turistlərin sürətli və geniş miqyaslı hərəkəti nəticəsində Uxan koronavirusunun yeni xəstəliyin mənbəyi kimi təsdiq edilməsindən ötən cəmi bir neçə həftə ərzində bu xəsətəlik artıq dünyanın böyük bir ərazisinə yayılıb. Belə ki, mövcud faktlar onun Çindən kənardakı 26 regionda və ölkədə yayıldığını və həmin ərazilərdə artıq 200 nəfərin bu vuruşa yoluxduğunu təsdiq edir. Fevralın 2-də Çindən kənarda, Filippində ilk ölüm halının qeydə alındığı da bildirilir. Bu ölkənin səhiyyə təşkilatları Uxandan yanvarın 21-də Honkonq vasitəsilə Filippinə gəlmiş 44 yaşlı kişinin məhz həmin virusdan vəfat etdiyini təsdiq ediblər.

Bununla yanaşı, mütəxəssislərin qənaətinə görə, yeni virus həm Çinin, həm də ətraf ölkələrin iqtisadiyyatına güclü mənfi təsir göstərməkdədir.

Yaponiyada artıq həmin virusa yoluxma ilə əlaqədar 20 hal qeydə alınıb. Bu ölkə geniş yayılmanın qarşısının hələlik ala bilsə də, artmaqda davam edən qlobal narahatlıq onun iqtisadiyyatına güclü ziyan vurmağa başlayıb.

İlk olaraq bu, ölkənin turizm sənayesində özünü göstərir. Yaponiya turizm sənayesi Çindən çox asılıdır. Belə ki, ötən il bu ölkəyə gələn əcnəbi turistlərin 30 faizi məhz Çinin payına düşür. Əcnəbi turistlərin Yaponiyada xərclədiyi vəsaitin 35 faizi də Çinli turistlərin hesabınadır.

Yaponiya aviaşirkətləri hazırda güclü enişlə qarşılaşıblar. Yaponiyanın aparıcı aviaşirkətlərindən olan “Japan Airlines”-ın (JAL) yaydığı məlumata görə, yanvarın 20-dən, Uxan virusunun ölkədən kənarda ilk qeydə alınmasından ötən dövr ərzində Çinə hərəkət edən reyslərdə bronlaşdırma 25 faiz azalıb. Şirkət bəyan edib ki, reyslərin azaldılması və vəziyyətdən asılı olaraq hətta tamamilə dayandırılması üzərində düşünür.

“All Nippon Airways” (ANA) şirkəti isə ötən illə müqayisədə Çinə reyslərdə bronlaşmanın 40 faiz azaldığını bildirib. Geriyə hərəkət zamanı isə onun 50 faiz endiyi bəyan edilib.

Epidemiya avtomobil istehsalı sənayesinə də öz təsirini göstərməkdədir. Hazırda Çin hökumətinin Ay təqvimi ilə bağlı Yeni il tətilinin uzadılması barədə qərarından sonra bu şirkətlər Çində olan zavodların fəaliyyətini dayandırmamaq üçün bütün güclərini sərf edirlər.

“Toyota” şirkəti tətildən sonra zavodlarını fevralın əvvəllərində açacağını elan etsə də bunun ayın 10-dan sonrayadək təxirə salındığını bildirib. “Honda” şirkəti isə Uxan şəhərindəki zavodda tətili fevralın 13-dək uzatdığını elan edib. Digər şəhərlərdəki zavodların ayın 9-da açılacağı bildirilir. “Mazda” və “Mitsubichi” də eyni addımları atmaq məcburiyyətində qalıblar.

Bununla yanaşı, Yaponiyanın bir çox şirkətləri virusun yayılmasına qarşı profilaktik tədbirləri gücləndirirlər. Məsələn həmin şirkətlərin bir qismi Çində bu yaxınlarda ezamiyyətdə olmuş əməkdaşlarına evdən işləmək icazəsi verib.

Yaoniyanın onlayn ticarət nəhəngi olan “Rakuten” şirkəti Çinə bütün işgüzar səfərləri təxirə salıb. Bu şirkət, həmçinin yanvarın 16-dan sonra müxtəlif səbəblərə görə həmin ölkədə olmuş əməkdaşlarına iki həftə müddətinə evdə işləməyi tövsiyə edib. Yaponiyanın “Nomura Holdings” böyük broker şirkəti də yanvarın 15-dən sonra Çində olmuş əməmkdaşlarına həmin təkliflə müraciət edib.

“Pasona Group” şirkəti isə əməkdaşlarına iş saatlarını dəyişməyi təklif edib. Eyni zamanda, əməkdaşların ofisdən kənarda da işi davam etdirə bilməsi üçün onlarla videokonfransların keçiriləcəyi bildirilib.

Xatırladaq ki, Çin dünyanın ikinci iqtisadiyyatına malikdir və demək olar ki, bütün ölkələrlə qırılmaz əlaqələri var. Bəzi mütəxəssislərin güman etdiyi kimi, virusun yayılması bir neçə ay davam edəcəyi təqdirdə bu, bütün dünyada çox ciddi böhrana və iqtisadiyyatın çökməsinə səbəb ola bilər. Dünyanın böyük bir hissəsi həmin virusdan qoruna bilsə də, onun iqtisadi təsiri Yer kürəsinin hər bir küncündə hiss olunacaq.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər