Nəzərə alsaq ki, kart məhsullarından gündəlik həyatımızda istifadə edirik, elə isə beynəlxalq kart təşkilatları haqqında da məlumatlı olmalıyıq. Belə ki, beynəlxalq kart təşkilatları istər fiziki, istərsə də hüquqi şəxslər üçün müxtəlif üstünləri özündə cəmləşdirən kart məhsulları təqdim edir. Həmin təşkilatların tarixinə qısa nəzər salaq.
“Visa Int.” beynəlxalq kart təşkilatı
1958-ci ildə San-Fransisko şəhərində yerləşən “Bank of America” tərəfindən BankAmericard adlı kart emissiya olunmağa başlanıb. 1965-ci ildən başlayaraq “Bank of America” bu kartın emissiya edilməsi hüququnu digər banklara da verməyə başladı.
1970-ci ildə isə BankAmericard kartlarını emissiya edən banklar birləşərək “National BankAmericard Inc.” (NBI) adlı kompaniya yaratdılar. Amerika Birləşmiş Ştatlarından kənarda fəaliyyət göstərən və BankAmericard kartlarını emissiya edən banklar tərəfindən isə 1974-cü ildə “International Bankcard Company” (IBANCO) təsis edildi.
1977-ci ildən isə NBI kompaniyası Visa USA, IBANCO kompaniyası Visa International, BankAmericard isə Visa kart adlandırılmağa başlandı.
“American Express” beynəlxalq kart təşkilatı
“American Express” adlı kartlar Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən eyni adlı kompaniya tərəfindən emissiya edilir. Banklar kompaniya ilə qarşılıqlı razılaşma əsasında bu kartların paylanılması hüququnu əldə edə bilər.
1841-cildə amerika vətəşdaşı olan Henri Uels Nyu-York şəhərində məhsulların, pul vəsaitinin və sənədlərin çatdırılması üzrə öz biznes fəaliyyətinə başlayıb. 1850-ci ildə isə Djon Farqo ilə birgə ilk əvvəl yüklərin çatdırılması, sonralar isə teleqraf və poçt xidmətini göstərən “American Express” adlı kompaniyanı təsis etdi. 1882-ci ildən isə kompaniya Amerika və Avropa qitələri arasında poçt vasitəsilə pul köçürmələrini həyata keçirməyə başladı. İlk American Express kartları isə 1958-ci ildən emissiya edilir. Bu kartlar üzrə ödənişlər ancaq ABŞ dolları vasitəsilə həyata keçirilir.
“Diners Club International” beynəlxalq kart təşkilatı
1949-cu ildə Nyu-York şəhərində fəaliyyət göstərən “Hamilton Credit Corporation” adlı maliyyə kompaniyasının rəhbəri Frenk Maknamaranın, həmin kompaniyanın hüquqşünası Ralf Şnayderin və prodüser Alfred Bluminqdeylin nahar süfrəsi arxasında kompaniyanın müştərilərindən birinin həyata keçirdiyi maliyyə sxeminin müzakirəsi zamanı “Diners Club” adlı kartların emissiya edilməsi ideyası yarandı. İlk əvvəllər kredit kartları olan “Diners Club” kartları “Empire State Building” ətrafında fəaliyyət göstərən restoranların müştərilərinə ödənişsiz əsaslarla paylanılırdı.
1961-ci ildən isə “Diners Club” kartlarının hazırlanmasında karton kağız əvəzinə plastik material tətbiq olunmağa başlandı.
“Japan Credit Bureau” (JCB) beynəlxalq kart təşkilatı
“Japan Credit Bureau” beynəlxalq kart təşkilatı 1961-ci ildə Yaponiyada yaradılıb. İlk öncə ölkə daxilində fəaliyyət göstərən kart təşkilatı 1981-ci ildən Amerika Birləşmiş Ştatlarının kart bazarına daxil olaraq, öz xidmətlərini geniş şəkildə digər dövlətlərdə də təqdim etməyə başlayıb. Hal-hazırda 190-dan çox ölkədə bu kart təşkilatı öz xidmətlərini təklif edir.
Beynəlxalq kart təşkilatı tərəfindən “JCB Standard Card”, “Mitsuwa JCB Card”, “MarukaiJCB Card” kimi kart məhsulları təqdim olunur. Təqdim olunan kart məhsulları üzrə kart sahibinə əlavə gəlir qazandıran “JCB Cash Back Program”ı tətbiq olunur. Həmçinin ödəniş kartları üzrə illik xidmət haqqı tətbiq olunmur.
“China UnionPay” beynəlxalq kart təşkilatı
Çin bank kartları assosiasiyası olan “China UnionPay” 2002-ci ildə “China UnionPay Co. Ltd” (CUP) kimi fəaliyyətə başladı. Bu Çində fəaliyyət göstərən yeganə milli bank kartları assosiasiyasıdır. 2003-cü ildə “China UnionPay” tərəfindən yerli banklarla birgə müstəqil bank kartı brendi olan “UnionPay” adlı kartlar emissiya edilməyə başlandı. 2004-cü ildən başlayaraq fəaliyyətini genişləndirən “China UnionPay” dünyanın 25-dən çox ölkəsində öz xidmətlərini təklif edir.