Heydər Əliyev Beynəlxalq Aeroportu 2020-ci ilin yanvar ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.
Aeroportdan verilən məlumata görə, 2020-ci ilin yanvar ayı ərzində Bakıdan yola düşərkən “China Southern” (Çin) və “Ural Hava Yolları” (Rusiya) 100% punktuallıq göstəriblər.
“Aeroflot”, “Etihad Airways” və “Turkish Airlines” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetiriblər. “Kuwait Airways” (88,9%), “UIA” (88,2%), “Nordwind” (87,5%) və “Iraqi Airways” (85,7%) aviaşirkətləri həmçinin yüksək nəticələr göstəriblər.
Ümumilikdə isə, 2020-ci ilin yanvar ayı ərzində uçuşların 71%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetiriliblər.
Qeyd edək ki, ümumilikdə, 2020-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dan çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərib.
Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
©APA