Sahibkarların təbii qaza görə irihəcmli borcları ilə bağlı məhkəmə iddialarının təmin olunması üçün vahid, düşünülmüş qaydanın olmaması debitor borcların süni artımına səbəb yaratmaqla “Azəriqaz” İstehsalat Birliyinin (İB) maliyyə vəziyyətinə çox mənfi təsir edir.
Bu barədə “Azəriqaz”ın Hüquq Departamentinin rəhbəri Vüqar Eyvazov bildirib.
O deyib ki, payız-qış dövründə istixanalarda tərəvəz yetişdirən sahibkarların bəziləri həmin istixanalarda istehlak etdikləri qazın abunə haqqını ödəməkdən boyun qaçırır, hətta məhkəmələrə gedib borclarını inkar edirlər.
“Sözsüz ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, sahibkarlar üçün əlverişli mühit yaratmaq bizim borcumuzdur. Lakin dövlət başçısının bu çağırışının başqa tərəfi də var, yəni sahibkarlar istifadə etdikləri təbii qazın haqqını sayğaclarda göstərilən həcmdə tam olaraq ödəməlidirlər. Lakin dövlət başçısının bu çağırışına cavab olaraq “Azəriqaz” tərəfindən borcun mərhələli şəkildə ödənilməsinə dair imzaladıqları protokollara belə məhəl qoymayan bəzi işbazlar dərhal məhkəmələrə üz tuturlar. Məhkəmələr abunəçilərin bu kimi iddia ərizələrini təmin edərək “Azəriqaz” İB-in onlara qaz təchizatının dayandırmasını qadağan edən qərardad çıxarır, özü də bu zaman yığılan borcun məbləğini diqqətə almır”, – “Azəriqaz” nümayəndəsi vurğulayıb.
“Nəticədə həmin abunəçilərin əmlakı və ya işgüzar fəaliyyəti ilə zəmanət altında olmayan həmin borclar durmadan artaraq külli miqdara çatır. Məsələn, İ.Şükürov adlı bir sahibkarın 03.12.2018 tarixində qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, “Azəriqaz” qarşısındakı borcu 193 min manat həddini aşıb. Lakin borcunu inkar edən abunəçinin iddia ərizəsindən sonra çıxarılan 28.11.2019 tarixli, 2 (011)-9274/2019 nömrəli məhkəmə qərardadı ilə istədiyinə nail oldu, üstəlik, hətta cari ödədiyi abunə haqqını məhkəmə qərarını yerinə yetirməsi şəklində “rəsmiləşdirməy”i bacardı. Lakin, nə yaxşı ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin məhkəmə qərarı ləğv olundu. Bununla da İ.Şükürovun 2020-ci ilin yanvar ayındakı debitor borcunun məbləği 233 min manatı ötüb ki, bunun da 160 min manatı 03.12.2018 tarixində qüvvəyə minmiş məhkəmə qərarının əhatə etdiyi borcdur”, – V.Eyvazov bildirib.
Onu da diqqətə çatdıraq ki, mövcud “Qaz təchizatı haqqında” qanununun 13.6 nömrəli maddəsinə görə, istifadə edilmiş qazla bağlı təqdim edilmiş hesabın istehlakçı tərəfindən bir ay ərzində ödənilməməsi halında qaz təchizatı dayandırıla bilər. Bu qanuni müddəaya zidd olaraq qəbul edilən adıçəkilən məhkəmə qərardadlarının bəzi abunəçilərin abunə haqqını ödəməkdən ardıcıl olaraq boyun qaçırmasına, nəticədə “Azəriqaz” İB-nin debitor borclarının külli miqdarlara çatmasına səbəb olduğu vurğulanıb. Belə ki, 2019-cu ilin ikinci yarısında sayğaclara görə bütövlükdə 305 min manat həcmində borcu yığılan 198 abunəçi bir qəpik belə ödəməyib, mövcud borclarının 50 faizindən az hissəsini ödəyən 571 nəfər abunəçinin isə məcmu borc məbləği 2 060 000 manat təşkil edir.
V.Eyvazovun sözlərinə görə, borclarını ödəmək istəməyən bəzi sahibkarlardan iddia ərizəsi alan məhkəmələr əksər hallarda iddiaçıları məhkəmə istintaqı başa çatanadək hətta kommersiya məqsədli qaz istehlakı ilə bağlı abunə haqqı ödəməkdən azad edən qərardadlar çıxarır.: “Halbuki bu qəbildən məhkəmə istintaqı bir ildən çox davam edə bilər. Sonra isə abunəçi məhkəmə istintaqı dövründə istifadə etdiyi qazın abunə haqqını məhkəmə qaydasında təkzib etməyə girişir. Beləcə qapalı dairə yaranır. Bu kimi külli miqdarda borclu olan, amma borcunu ödəmək fikrində olmayan abunəçilərin artması xüsusi narahatlıq doğurur. Belə ki, sözügedən məhkəmə qərardadları ucbatından abunəçi borcunu ödəməyərək belə qanunun gücü ilə “Azəriqaz”ı qaz təchizatını davam etdirməyə məcbur edir. “Biz isə “Qaz təchizatı haqqında” qanunun 13.6 nömrəli maddəsi də daxil olmaqla bütün qanuni tələblərə əməl etməyə, o cümlədən məhkəmə qərardadlarını qanundan üstün tutmayaraq abunəçilərin iddia ərizələrini onların abunə borclarının məbləğini nəzərə alaraq təmin etməyə çağırırıq. Bu kimi iddiaları təmin etməklə bağlı “Azəriqaz” İB-nin fəaliyyətinə xələl gətirməyən, onun debitor borclarının süni artımına gətirib çıxarmayan, bəzi əliəyri abunəçilər tərəfindən sui-istifadələrə münbit zəmin yaratmayan vahid, düşünülmüş qaydalar hazırlanmalıdır”, – “Azəriqaz”ın Hüquq Departamentinin rəhbəri fikrini tamamlayıb.
©Report