BANKER.AZ/ BU DƏFƏ ÇİN TİCARƏT MÜHARİBƏSİ ilə deyil, ərazisində yayılmış virus epidemiyası ilə qlobal müstəvidə hadisələrin əsas hissəsinə çevrilməli oldu. Məlum koronovirus kommunist ölkəsinin iqtisadiyyatını bir ay içində neçə ilsə geri atmalı oldu. Əsasən xam malı alıb, emaledici kimi çıxış edən bu iqtisadiyyata artıq həm yaxın, həm də uzaq qonşuları qapılarını qismən də olsa bağlamalı oldular. Ölkə elan edir ki, koronavirusa yoluxanların sayı 65 min nəfərə çatır, ölənlərin sayı isə 1500 nəfərə qədərdir. Ölkədə virusun böyük fəsadları ilə üzləşməməsi üçün 1 aydır ki, mərkəzi əyaləti olan Vuhan və ona yaxın əraziləri karantinə almaqdadır. Ölkə koronavirusa görə milyardlarla dollar ayırmaqdadır.
Artıq ölkənin əsas ticarət tərəfdaşları aviareys və turların baş tutmaması üçün məhdudlaşdırıcı qərarlar verib.
“Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi Çində yayılmış koronavirus səbəbindən bu ölkəni “Yüksək riskli ölkə” kateqoriyasına daxil edib.
Mütəxəssislər qeyd edirlər ki, koronavirusla əlaqədar şirkətlərin əksəriyyətinin fəaliyyətini dayandırdığı səbəbindən Çində birjaların itkisi artaraq 10%-i keçə bilər.
Çin Azərbaycandan minlərlə kilometr uzaqlıqda yerləşsə də, ölkəmiz üçün son onillikdə vacib iqtisadi tərəfdaşa çevirilməklə, 4-cü ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Çinlə ticarət dövriyyəsi 2 milyard 184 milyon ABŞ dolları dəyərində olub. İllərdir ki, bu ticarət tərəfdaşlığında ölkəmizdan bu ölkəyə milyonlarla valyuta axır. Çünki, illik ticarət saldosu bu ölkə ilə həmişə mənfi ilə bitib. Məsələn, geridə qoyduğumuz il ərzində Çinlə ticarət saldosu mənfi 679,87 milyon ABŞ dolları təşkil etmişdir.
Təbii ki, bu hadisə Azərbaycanda dövlət şirkətləri və əsas da böyük və orta biznes sahibləri üçün diqqətlə izlənilir.
İxracda
Əvvəla, ötənildə Azərbaycan bu ölkəyə yeganə ixrac məhsulu kimi milyonu ötən xam neft olub ki, bunun da dəyəri 714 mln. dollar təşkil edir. Bildiyimiz kimi, ölkədə baş verən bu hadisələr görə ölkənin iqtisadi aktivliyi zəifləyir ki, bu da ölkənin enerji təlabatlarını da azalmalı olur. Çin Milli Kimya Korporasiyası (China National Chemical Corporation – ChemChina) koronavirusa görə ölkənin hadisələrin episentirinə yaxın olan neftayırma müəssisəsini dayandırdığını açıqlayıb. Bu olduğu təqdirdə daha da geniş vüsət alarsa həm neftin bazar dəyərini həm də idxal həcmini kəskin azalda biləcər.
İdxalda
İdxalda məhdudiyyətlər artığı halda ölkədə A-dan Z-yə hər çeşiddə olan ənənəvi “Çin məhsulu” adlandırdığımız məhsulların istehlakında əngəllər yarada bilər. Bu da Azərbaycanda həm məzənnənin saxlanılması və ya iqtisadi sabitliyin təmin edilməsi üçün əsas götürlən inflyasiya rəqəmlərində dəyişikliklərə yol aça bilər. Düzdür, ölkəmizə idxal olunan Çin məhsullarda qida demək olar ki, TOP50-likdə belə yer almasa belə, məhdudiyyət təkcə qidaya deyil.
İndi keçək Azərbaycan son statistik rəqəmlərə – Azərbaycan Çindən nələr alır?
- Mobil telefon – məhsul üzrə ixrac payı 56% . Ölkəmizə ötən il ərzində 75,7 milyon dollarlıq və ya 798,7 min ədəd mobil telefon gətirilmişdir. Dövr ərzində ölkəyə cəmi 1 milyon 407 min ədəd mobil telefon gətirildiyini nəzərə alsaq, bu idxalda 56% Çinin payının olması deməkdir.
- Kömür elektrod – məhsul üzrə ixrac payı 99,96%. Bu növdə 63,16 milyon dollarlıq məhsul idxal olunub. Ümumi bu məhsul üzrə idxal payı 99,96%-dir ki, demək olar ki, ancaq Çindən gəlməsi deməkdir.
- Boyanmış, laklanmış və ya plastiklə örtülmüş, eni 600 mm-dən çox olan yastı polad prokatı – məhsul üzrə ixrac payı 88%. Bu tikinti matrialı bir neçə ildir ki, Çindən Azərbaycana böyük həcimdə idxal olunur. Məslən, 2018-ci ildə bu növ məhsul üzrə Çinə 37,68 milyon dollar, 2018-ci ildə isə 43,87 milyon dollar xərc ödənib.
- Divar və pəncərələr üçün vahid korpusda və ya «split-sistem» kondisionerlər – məhsul üzrə ixrac payı 70%. İdxal olunan məhsulun 158 min ədəddən çox olmaqla dəyərləri 35,9 milyon dollardan çoxdur. Dəyərcə məhsul üzrə idxalda payı 70% olsa da, miqdarca 74%-dən yuxarıdır.
- Səsin, təsvirin və ya başqa məlumatların qəbuledilməsi, dəyiçdirilməsi və ötürülməsi və ya bərpa edilməsi üçün maşınlar, kommutasiya qurğuları – məhsul üzrə ümumi idxalda payı 49%. Bu məhsul üzrə ölkəyə 558,6 min sayda və 32,47 mln. dollar dəyərdə mal gətirilib. Dəyərcə ümumi idxalda 49% olsa da, miqdarca 92% paya sahibdir.
- Çəkisi 10 kq-dan çox olmayan portativ hesablama maşınları – məhsul üzrə ümumi idxalda payı 91%. Miqdarı 70,65 min ədəddən çox olmaqla 29,77 mln. dollarlıq məhsul idxal olunub.
- Yük avtomobilləri və avtobuslar üçün təzə pnevmatik rezin şinlər – məhsul üzrə ümumi idxalda payı 62%. Miqdarı 171,3 min ədəddən çox olan 21,53 milyon dollar dəyərində idxal olub.
- Altlıqlı və üstü rezin olan topuğu örtən digər ayaqqabılar – məhsul üzrə ümumi idxalda payı 52%. Miqdarı 8,19 min çüt olan 17,8 mln. dolarlıq idxal baş verib.
- Minik avtomobilləri üçün təzə pnevmatik rezin şinlər – məhsul üzrə ümumi idxalda payı 47%. Ölkəyə 673 mindən çox təkər idxal olunub ki, bu da 16,74 mln. dollar deməkdir.
- Televiziya rabitəsi üçün rəngli təsvirlə digər qəbuledici aparatlar- məhsul üzrə ümumi idxalda payı 22%. Ölkəyə idxal olunan 125 min ədəddən çox olan bu məhsulun ümumi dəyəri 15,1 milyon dolara yaxındır.