“Bu il Azərbaycanda bir neçə sənaye məhəllələrinin tam fəaliyyətə başlaması gözlənilir”.
Bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
O, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələrində aparılan tamamlama işləri barədə məlumat verib.
Onun sözlərinə görə, Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və rezidentlərin qəbulu davam edir: “Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində bir neçə rezident fəaliyyət göstərir. Sabirabad Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və bir neçə rezident fəaliyyət göstərməyə tam hazırdır”.
N.Səfərov bildirib ki, Şərur Sənaye Məhəlləsində infrastrukturun qurulması ilə bağlı işlər aparılır.
Xatırladaq ki, ölkədə yaradılan 5 sənaye parkı və 4 sənaye məhəllələrində 80-dan artıq rezident fəaliyyət göstərir. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb.
Qeyd etmək lazımdır ki, sənaye zonalarında istehsal olunan məhsulun 80 faizindən çoxu Sumqayıt Kimya Sənaye Parkının payına düşür. Balaxanı Sənaye Parkının fəaliyyəti isə genişlənərək ikinci mərhələyə daxil olub. İndiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihələrin 87 faizi regionların payına düşür.
©Report