21 C
Baku
Saturday, September 28, 2024

Banklar real sektora niyə vəsait yatırmır?

Ekspertlər Prezidentin qaldırdığı problemin səbəblərini şərh edirlər Rəşad Həsənov: «Real sektorda biznesin leqallıq məsələsi çox aşağı səviyyədədir»

Əli Məsimli: «Bankların real sektora təklif etdikləri faiz dərəcələri sahibkarlar üçün əlçatmazdır»

Bu gün Azərbaycanda kommersiya banklarının kredit portfelində əsas üstünlüyü istehlak kreditləri təşkil edir. İqtisadiyyatın real sektoruna, xüsusilə biznes sahəsinə qoyulan yatırımlara maraq olduqca zəifdir. Hətta bu məsələdə Prezident İlham Əliyev də öz narahatlığını ifadə edib. Dövlət başçısı Nazirlər Kabinetinin sonuncu iclasında bankları qeyri-bərabər kredit siyasəti yürütməkdə qınayıb.

“Dövlət öz hesabına texnoparklar yaradır. Orada şirkətləri cəlb etmək üçün lazım gəldikdə kreditlər ayırır və bu istiqamətdə təşviqedici addımlar kifayət qədər çoxdur”, deyə bildirən İ.Əliyev vurğulayıb ki, hər bir rayonda sənaye zonaları olmalıdır: “Dövlət, əlbəttə ki, əsas yükü öz üzərinə götürür. Azərbaycanda dövlət siyasəti bu istiqamətdə aparılır. Eyni zamanda biz bu sahədə ölkəmizdə sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün dünyada gedən təcrübəni də bilirik. Mövcud olan təcrübəni öyrənirik və görürük ki, orada banklar bu sahədə çox müsbət rol oynayır. Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır. Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir”.

Prezident əlavə edib ki, hazırda sahibkarlara kredit vermək üçün banklara güzəştli şərtlərlə 300 milyon manat kredit verilir: “Verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov “Bizim Yol”a şərhində bildirdi ki, bunun əsas səbəblərindən biri maliyyə məsələsidir: “Bu gün istehlak kreditlərinə tələbat çoxdur, bankların isə kredit portfeli məhduddur. Az olan vəsaitlərini istehlak kreditlərinə yönəltməklə daha asan və daha zəmanətli şəkildə faiz əldə edirlər. Bu kreditlərin faiz dərəcələri dünya təcrübəsi ilə müqayisədə təqribən 4 dəfə yüksəkdir. Hazırda 30-40 faiz arasında effektiv faiz dərəcələri ilə ifadə olunur ki, bu, banklar üçün kifayət qədər yüksək gəlir mənbəyi hesab edilir. Kredit portfeli geniş olduqda əlavə qalan vəsaitləri digər sektorlara yönəldirlər”.

Bundan əlavə, ekspert real sektorda leqallıq problemi olduğunu vurğuladı: “Real sektorda biznesin leqallıq məsələsi çox aşağı səviyyədədir. Dünya Bankının statistikasına görə Azərbaycanda qeyri-neft sektorunda kölgə iqtisadiyyatının səviyyəsi 60 faizə yaxındır. Qeyri-leqallığın özü bankların biznesi maliyyələşdirməsinə əngəllər törədir. Öz fəaliyyətini rəsmiləşdirməyi bacarmayan biznesmenlər lazım olan kredit məbləğini ala bilmirlər. Biznes kreditləri istehlak kreditləri ilə müqayisədə ucuzdur. Çünki sahibkar istehlak kreditləri faizində kredit ödəməklə uğur əldə edə bilməz. Gəlirlərinin böyük bir hissəsinin banka olan borcunu ödəməli olar”.

R.Həsənova görə, kölgə iqtisadiyyatının geniş olması iqtisadiyyatın real sektoruna yönələn kreditlərin qaytarılmasında ciddi risklər yaradır: “Bankların özləri də müəyyən bir qrupun əlində nəzarətdədir və bazardakı duruma yaxşı bələddirlər. Qiymətləndirmə apardıqda bankirlər görür ki, biznes sektorunda təhlükələr mövcuddur. Azad rəqabət mühiti olmadığı üçün orta və iri sahibkarların fəaliyyətində ciddi əngəllər yaradılır. Bütün bu sadalanan faktlar banklara real sektora marağı azaldır”.

İqtisadçı əlavə etdi ki, dövlət vəsaitlərindən, əsasən bir neçə bank yararlana bilir: “Deməli, bu sahədə kifayət qədər problem yaranıb ki, Prezident də narahatlığını bildirib. Büdcə hesabına verilən 300 milyon manat vəsait bankların ümumi kredit portfelində cüzi bir həcmdədir. Bu gün ölkə banklarının kredit portfeli 18 milyard manatdır. Bu vəsaitin içində 300 milyon manat 6 faiz etmir. Həmçinin qeyri-neft ÜDM-nin də həcminin 27-28 milyard manat olduğunu nəzərə alsaq, 300 milyonun böyük rəqəm olmadığını görə bilərik. Mərkəzi Bank tərəfindən müvəkkil banklar seçiləndə likvidikliyi yüksək olan iri maliyyə qurumlarına verilir. Təqribən 20 bank Mərkəzi Bankın, İpoteka Fondunun və Sahibkarlığa Yardım Milli Fondunun vəsaitlərinin bölüşdürülməsində aktiv iştirak edir”.

Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə “Trend”ə açıqlamasında bildirib ki, regionlarda sənaye zonalarının yaradılması prosesində dövlət dəstəyi ilə yanaşı, maliyyə rıçaqlarının da cəlb edilməsi mühüm məsələdir: “Bu çox aktual, kommersiya banklarının rolunun artırılması baxımından mühüm məsələdir. Bankların özlərinin, xaricdən cəlb edilmiş, hətta bilavasitə dövlətdən alınmış resurslardan maksimal gəlirin çıxardılması üçün istifadə etdikləri maliyyə-kredit mexanizmlərinin köməyi ilə böyük iş görülə bilər”.

Ə.Məsimli bildirib ki, son illər bank sisteminin kredit portfelində istehlak kreditlərinin payı xeyli artıb ki, bu da ciddi problemlərə gətirib çıxara bilər: “Real sektorun kreditləşməsinin həcmi bir çox hallarda ona görə azdır ki, bankların real sektora təklif etdikləri faiz dərəcələri sahibkarlar üçün əlçatmazdır. Bank sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün islahatlar paketinin hazırlanması lazımdır”.

Bizim Yol

Son xəbərlər
Digər xəbərlər