“Tez bir zamanda AtaBank-ın probleminin həll olunması nəzərdə tutulur”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
“Bizin spesifik vəziyyətlə qarşılaşdıq. Əmanətlərin tam sığortalanması haqqında qanunun müddəti Martın 4-də bitdi, lakin yeni seçilmiş Milli Məclis bir müddət sonra fəaliyyətə başladı. Təxminən 2 həftəlik boşluq var.
Əmanətlərin tam sığortalanmasının müddəti Martın 4-dən 9 aylıq uzadılır. Qanun qüvvəyə minən kimi, biz AtaBank ilə məşğul olacağıq. Bu bankdakı əmanətlər 100% qorunur. İlk edəcəyimiz ilk iş əmanətçilərin öz əmanətlərini almaq imkanını yaratmaq olacaqdır. Buna həmin bankın əmanətçilər tam əmin ola bilərlər. AtaBank-ın əmanətləri üçün biz heç bir problem görmürəm. Narazıçılıq var və biz bu narazıçılığı bölüşürük. Amma yaranmış vəziyyət obyektivdir. Qanun olmalıdır ki, prosesə başlayaq. Problem spesifikdir. Qanun qəbul olunan kimi, biz bu istiqamətdə işlərə başlayacağıq. Hər gün bu məsələni müzakirə edirik və qanunu gözləyirik”.
Bu gün Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin yenidən 9 ay uzadılması məqsədilə Milli Məclisə müraciət etmiş, 13 mart 2020-ci il tarixində yeni tərkibdə fəaliyyətə başlayan Milli Məclisin ilk iclasında müzakirə edilən məsələlərdən biri kimi “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik qəbul edilmişdir.
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının təmin edilməsinə və bank sektoruna etimadın gücləndirilməsinə imkan verəcəkdir.
Qanuna edilmiş dəyişiklik ölkə Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək və bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin (milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% olmaqla) məbləğindən, valyuta növündən və bankların maliyyə vəziyyətindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılmış olacaqdır.