20 C
Baku
Thursday, October 3, 2024

Azərbaycanda bankın əlaçı uşaqlarla bağlı reklamı yalan çıxdı

Bir neçə ildir ki, ölkəmizdə reklam kampaniyaları məktəbliləri də əhatə edir. Məktəblilərdən daha çox onların valideynlərinə hesablanan və bu yolla müştərilərinin sayını artırmağa xidmət edən kampaniyalara baş vuran ticarət və əyləncə mərkəzlərinin siyahısına ötən il “Qafqaz İnkişaf Bankı” ASC də qatılıb. 

Lakin əyləncə məkanından fərqli olaraq, “Qafqaz İnkişaf Bankı” ASC-nin gəlirə hesablanmayan kampaniyası uğursuzluqla nəticələnib. Başladığı kimi də bitən kampaniyanın acı taleyindən isə heç kimin, ən əsası, kampaniyanın əhatə etdiyi böyük məktəbli və valideyn kütləsinin xəbəri olmayıb. Səbəb isə kampaniyanın 2013-2014-cü dərs ilində də davam etdiyini göstərən məktəbli gündəlikləridir…

Əlaçı ol, mükafat al 

Söhbət “Qafqaz İnkişaf Bankı” ASC-nin “Əlaçı ol, mükafat al!” kampaniyasından gedir. Bank kampaniyaya 2013-cü il iyun ayının 6-da start verib. 2012-2013-cü dərs ilinin yekunlarına əsasən, məktəbi əla qiymətlərlə bitirən şagirdlərin mükafatladırılmasından ibarət olan kampaniyaya 1 ay sənəd qəbulu aparılıb. Məktəbli kitabçası, şagirdin doğum haqqında şəhadətnaməsi, valideynin şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək əlaçı olduğunu təsdiq etdiyin təqdirdə 1-5-ci sinif şagirdlərinə 100 manat, 6-10-cu sinif şagirdlərinə 200 manat, 11-ci sinifdə oxuyanlara isə 300 manat veriləcəyi vəd olunub. Həmin ilin iyulunda yekunlaşan prosesin nəticələri əsasında müəyyənləşən qaliblərin mükafatlandırılması isə başlanan məhkəmə prosesi ilə əlaqədar olaraq yarımçıq qalıb.

Maraqlısı odur ki, kampaniya dayandırılsa da, elanları davam etdirilib. Nəticədə məhkəmə predmetinə çevrilən kampaniya bütün məktəbli gündəliklərində daha geniş miqyasda reklam olunub. Yəni Bank 2012-13-cü tədris ili üçün elan etdiyi kampaniyanı başa çatdırmadan növbəti tədris ili üçün planlar qurub.

Kampaniyanın mükafatlandırma mərhələsinin tamamlanmasına mane olan və ümumiyyətlə kampaniyanın dayandırılmasına səbəb olan məhkəmə prosesi isə valideynlərdən birinin iddiası əsasında başlayıb. Bankın İdarə Heyətinin sədr müavini olduğunu bildirən şəxs valideynin kimliyini açıqlamasa da məhkəmə seçim prosesindən narazı qalan valideynin iddiası əsasında başlayıb və hələ də davam edir. Bu müddətdə isə məhkəməsi bitməyən kampaniyanın elanları 2013-14-cü dərs ilində şagirdlər üçün stimul olub.

 “Qafqaz İnkişaf Bankı” ASC-nin İdarə Heyətinin 2013-2014-cü dərs ilində “Əlaçı ol, mükafat al!” kampaniyasının keçirilməsinin ləğv edilməsi barədə qərarı 2013-cü il oktyabrın 4-də Bankın rəsmi internet səhifəsində yerləşdirib. Oktyabrın 9-da səhifəyə yerləşdirilən başqa bir xəbərdə qərar məhkəmə prosesi ilə əsaslandırılıb. Məhkəməyə səbəb olan iddia – valideynin narazılığı elə müsabiqə şərtlərindən qaynaqlanır. Elan edilən qaydaya görə, “Əlaçı ol, mükafat al!” kampaniyasında iştirak etmək üçün təqdim olunan məktəbli kitabçasında yekun nəticələri əla qiymətlər olmasına baxmayaraq, gündəlik qiymətlərində 10-dan artıq “4” qiyməti olan şagirdlərə də şans tanınması seçim mərhələsində mübahisə yaradıb. Başqa sözlə, seçki prosesində tətbiq edilən qayda 2013-cü ilin iyul ayı ərzində davam edən ilk mükafatlandırma dövründəcə problemlərə yol açıb. Elə mükafat fondu da müsabiqə şərtlərini ödəməkdə çətinliklərə səbəb ola bilərdi və olub da. Nəticədə ölkə ərazisini əhatə etdiyi göstərilən və 100 000 (yüz min) manatdan ibarət mükafat fondu olan müsabiqə nəinki ölkə, hətta Bakı məktəblilərini də stimullaşdırmağa kifayət etməyib.

 “Qafqaz İnkişafBankı” ASCbildirirki, “Kampaniyanınkeçirilməsində hərhansı birgəlirin əldə olunması nəzərdə tutulmayıb.

 Yalnız ölkəmizdə təhsilin inkişafına köməklik göstərilməsi və orta məktəb şagirdlərinin təhsilə marağının artırılması məqsədilə “Əlaçı ol, mükafat al!” kampaniyası keçirilib”:

“Bildirmək istəyirik ki, hər zaman qanunvericiliyin tələblərinə uyğun olaraq bank sirri təşkil edən məlumatlar istisna olmaqla “Qafqaz İnkişaf Bankı” ASC-yə müraciət edən hər bir ictimaiyyət nümayəndəsinin müraciəti cavablandırılmış və ona geniş məlumat verilmişdir. Hesab edirik ki, “Qafqaz İnkişaf Bankı” ASC-nin hər zaman fəaliyyəti ictimaiyyətə açıq olmuşdur”.

Lakin məhkəmənin başlandığı tarix, məhkəmə predmeti olan məsələ, məhkəməyə müraciət edən valideynin kimliyi ilə bağlı mətbuata açıqlama verilmir.

 azxeber.com

Son xəbərlər
Digər xəbərlər