BANKER.AZ/ Azərbaycanda dünyanın bir çox ölkələrində olduğu kimi iqtisadi subyektlərin fəaliyyətində yaranmış vəziyyətə görə məhdudiyyətlər tətbiq olunur. Bu məhdudiyyətlər öz növbəsində əsas təsirlə üzləşən turizm, iaşə və xidmət sahələrinə daha çox təsirini göstərib. Artıq, bununla bağlı ötən gün Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTv-yə müsahibəsində belə anlaşılır ki, koronavirus infeksiyası ilə əlaqədar dövlətin sahibkarlara maliyyə dəstəyi onların ötən il ödədiyi vergi əsasında olacaq. Eləcə də bundan əziyyət çəkən işçilərin rəsmi əmək haqlarının əsnasında onlara əmsallarla ödəniş olunacağını bildirib. Yəni, vergidən yayınanlar dövlətin dəstəyini tam hiss etməyəcəklər.
Nazirin çıxışlarında əsas məqamlardan biri isə “qeyri-müəyyən” müddət bitəndən sonrakı iqtisadiyyatımızda hansı iqtisadiyyatın qurulmasına artıq zəmin yarandğını bildirilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov müsahibəsində hazırkı koronavirus böhranın unikallığının heç bir nəzəriyyə və ya dərslikdə olmadığını bildirib.
Nazir bildirir ki, onların qarşısında qoyulan məsələnin həllinə başlayarkən, simptomatik addımlardan deyil, fundamental sualdan başlanılıb: Biz iqtisadiyyatı böhrandan sonra müasir iqtisadiyyatı necə görmək istəyirik, hansı şərtlərə cavab verməlidir?
“Birincisi, biz iqtisadiyyatımızı sağlam və rəqabətə davamlı görmək istəyirik. İkincisi, dövlətin qanunlarına riayət edən, başqa sözlə kölgə iqtisadiyyatda deyil, şəffaf iqtisadiyyatda – vergilərini vaxtında ödəyən, işçilərinin sosial-rifahını təmin edən, yəni, rəsmi əmək müqaviləsi ilə işçiləri cəlb edən sahibkarlıq subyektlərindən ibarət olan iqtisadiyyat görmək istəyirik. Sağlam və dayanıqlı bank sektorundan ibarət iqtisadiyyata ehtiyac duyulur. Dar gündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan – gündəlik fəaliyyətində yüksək korporativ sosial məsuliyyət hissini və hərəkətlərini həyata keçirən sahibkarlardan ibarət iqtisadiyyat istəyirik”, deyə Mikayıl Cabbarov deyib.
Nazir deyib ki, bununla bağlı proqramın “son dizaynın” növbəti günlər ərzində həmkar qurumlarla və özəl sektorla birgə ərsəyə gətiriləcəyini deyib.
Mikayıl Cabbarov iqtisadi orqanda idarə etməyə 2017-ci ilin dekabrında gəlib. O, Prezidentin sərəncamı ilə həmin zaman Təhsil Nazirliyindən Vergilər Nazirliyinə gətirilmişdi. 2 il sonra oktyabrda istər Nazirlər Kabineti, istərsə də Prezident Aparatındakı baş verən dəyişmələrdən sonra o İqtisadiyyat naziri təyin edilmişdi. O iqtisadi orqanda çalışdığı müddətdə kölgə iqtisadiyyatdan qurtulma imkanını tez-tez gündəmə gətirir.
Göründüyü kimi, nazirin çıxışından ölkə iqtisadiyyatının, zərurətdən doğan yeni moderinizasiyaya ehtiyacı olduğu bir daha ortaya qoyur.
İqtisadçı Elman Sadıqov Banker.az-a açıqlamasında qeyd edir ki, hamıya aydın olur ki, koronavirusdan sonrakı dünya iqtisadiyyatı və dünyada iqtisadiyyata yanaşma bu günə qədərki yanaşmalrdan tamam fərqli olacaq: “Ümumiyyətlə iqtisadiyyatın özü dəyişir. Kapitalist, yəni, bazar iqtisadiyyatının sonu deyil, bu davam edəcək. Lakin, iqtisadi əlaqələrin, bazar iqtisadiyyatının forması dəyişir. Məsələn, qlobal iqtisadiyyatda aparıcı drayverlərdən biri beynəlxalq ticarətdir. Beynəlxalq ticarətin sistemi dəyişəcək”.
Sadıqov deyir ki, hər bir ölkənin özü-özünü təmin edə bilməsi məsələsi ortaya çıxacaq: “Rəqabət getdikcə artacaq. Bazar dünyada nisbətən daralır. Çünkü bundan sonra əhalinin xərcləmələrə, istərsə də istehlaka münasibətə dəyişəcək. Əvvəlki kimi güclü istehlak tələbi olmayacaq. Bəli, 2020-ci ilin 1-ci yarısında müəyyən istehlakdakı zəiflik ilin ikinci yarısında özünü göstərə bilər. Çünki, müəyyən alışlar var, onlar təxirə salınıb, olmayıb. Bunlar ikinci rübdə həyata keçirilə biləcək. Lakin, əhalinin və biznesin gəlirlərinin aşağı düşməsi istehlakda özünü göstərəcək. Ümumilikdə, 2021, 2022 və 2023-ci illər o qədər də asan keçməyəcək. Hətta, 2023-cü ildən sonrakı dövr növbəti dəyişikliklər mərhələsi olacaq”.
“Bu kontekstdə də hər bir ölkədə azad rəqabət çox önəmlidir. Burada söhbət həqiqi azad rəqabətdən gedir. 2016-cı ildə müəyyən mənada monopoloya və azad rəqabətlə bağlı müəyyən addımlar atılsa da tələb olunan səviyyəyə gəlib çıxmamışıq. Həqiqi mənada daxildə ciddi rəqabət formalaşmalıdır. İlkin mərhələdə, ən azı regionda, MDB ölkələri arasında və sonra da şərqi Avropada rəqabətə davamlı iqtisadiyyat formalaşdıra bilməliyik. Bir məhsulun bir deyil bir neçə nəfər tərəfindən, həm iri, həm də kiçik və orta sahibkar tərəfindən istehsal olması, nəticədə kiçik və orta sahibkarlığın inkişafı, özünüməşğulluq məsələləri həll olunmalıdır”, deyə iqtisadçı qeyd edir.
E.Sadıqov vurğulayır ki, sahibkar ölkəmizdə sahibkarlıq mədəniyyətinə baxışını dəyişməlidir: “Amma, bir şərtlə ki, sahibkar işçisinə, iqtisadiyyatına, özünün sosial məsuliyyətinə yanaşmanı dəyişdikdə, öz üzərinə düşən vəzifələri yerinə yetirdikdə, şəffaf işlədikdə özünə bir arxa hiss etməldir. Məsələn, dövlət onun arxasında durmalıdır. Dövlətdən də daha çox qanunlar onun arxasında durmalıdır. Ədalət prinsipləri. Kiçik və iri sahibkarların tenderlərdə iştirakının təmin edilməsi və s. kimi məsələlər olmalıdır. Lakin, bu ilkin mərhələdir. Mikayıl müəllimin çıxışında dediyi kimi bunları ilkin mərhələdə tam təmin edə bilsək nəticələri görə bilərik”.
İqtisadçı dayanıqlı bank sistemi ilə bağlı bu günə kimi hökumət tərəfindən bir sıra önəmli addımların atıldığını qeyd edir. Bildirir ki, bundan sonra da daha effektiv addımların atılması da vacibdir. “Effektiv münasibət büdcədən hər hansısa bir sahəyə pul xərclənməsi deyil. Vergi ödəyicilərinin cibindən pul xərclənməsi deyil. Effektiv münasibət dedikdə hər bir vəsaitin birincisi geri qayıtma şərti ilə – amma o şərtlə ki, onu geri qaytarana da yük düşməsin, faizlər yüksək olmasın, xərc olmasın, həmin pul geri qayıtma şərti ilə verilsin maliyyə sektoruna. Həmin maliyyə sektoruna da vəsaitlər yerləşdirilərkən ona ciddi bir nəzarət olsun. Həmin vəsait biznes sektoruna yönələrkən, sektor subyekti bu ucuz vəsait qarşısında məsuliyyət hiss etməldir. Məsuliyyət isə həmin vəsaitlərin effektiv və təyinatına uyğun istifadə olunmasıdır”.
“Bu sistemləri effektiv qura bilsək, əlavə xərclər olmayacaq, əksinə, verilən vəsaitlər geri qayıtmaqla yanaşı iqtisadi dəyər yaradacaq”- deyə E.Sadıqov vurğulayır.
“Real sektorda əmək haqları nə qədər rəsmiləşərsə, şəffaflıq, dövriyyə, pul vəsaitlərinin həcmi artarsa bank sektoru da bir o qədər inkişaf edib böyüyər və nəticə etibarilə real sektorun böyüməsinə də bir o qədər çox töhfə verə bilər”-deyə iqtisadçı əlavə edir.