İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi nəzərdə tutulur.
Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramında öz əksini tapıb.
Xatırladaq ki, illik dövriyyəsi 200 min manat və əməkdaşlarının sayı 10 nəfərdən çox olmayan müəssisə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Sadələşdirilmiş vergi bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olduqda, ictimai iaşə fəaliyyətindən əldə olunan gəlirin 8 faizi səviyyəsində vergi tutulur.
Mənfəət vergisinin dərəcəsi isə 20% təşkil edir.