“Microsoft” şirkətinin həmtəsisçisi ABŞ-da yeni koronavirusla mübarizə problemini nəzərdən keçirərək, onun həlli yollarını təklif edir. Əvvəla, Bill Qeyts ölkə rəhbərliyinin insanların təcrid edilməsinə sərf etməli olduğu vaxtı əldən verməsindən narahatdır. İkinci yerdə ilk tibbi yardım avadanlıqlarının olmaması problemi dayanır.
Bill Qeyts (Bill Gates)
Şübhəsiz ki, ABŞ koronavirusun qabağını almaq fürsətini əldən verib. Buna baxmayaraq, hələ gec deyil. Biz və liderlərimiz tərəfindən ediləcək seçim, statistikanın nə qədər tez aşağı düşməyə başlayacağını, müəssisələrin nə vaxt açılacağını və COVID-19 epidemiyası səbəbindən neçə sayda amerikalının yaxınlarını dəfn etməli olacağını müəyyən edəcəkdir.
Fond (Bill & Melinda Gates Foundation) ilə işləyərkən, Vaşinqtondan, habelə ölkənin hər yerindən gələn rəhbərlər və ekspertlərlə ünsiyyət qurmaq imkanım oldu. Və mənə aydın oldu ki, biz bu istiqamətdə üç addım atmalıyıq.
Birincisi, insanları təcrid etmək üçün ardıcıl, ümumilli yanaşmaya ehtiyacımız var. Epidemioloqların çağırışlarına baxmayaraq, bəzi ştatlar nə özlərini təcrid etdi, nə də karantin rejimi elan etdi – çimərliklər və restoranlar açıqdır.
Uğursuzluğun açarı bəlaya düşməkdədir. Axı, insanlar dövlət sərhədlərini sərbəst keçirlərsə, virus da keçir! Ölkə rəhbərliyi açıq şəkildə bəyan etməlidir: təcrid bütün regionlara şamil olunur. İnsanlar başa düşməlidirlər ki, xəstələrin sayı azalmayana qədər – və bu, 10 həftə və ya daha çox çəkə bilər – heç kim normal həyata qayıtmayacaq və təcrid rejimi ləğv edilməyəcək. Bu məsələnin qaranlıq olması iqtisadi zərəri, residiv riskləri və ölənlərin sayını artıracaq.
İkincisi, federal hökumət COVID-19 virusunu müəyyənləşdirən testi əhali üçün əlçatan etməlidir. Əslində, müsbət nümunələrimiz də var: Nyu-York ştatında gündə 20 mindən çox test keçirilir.
Sınaq metodlarının effektivliyində müəyyən irəliləyişlər əldə edilib, məsələn, Sietl şəbəkəsinin hazırladığı testdən xəstələr təkbaşına da istifadə edə bilərlər – tibb işçiləri ilə təmasda olmağa ehtiyac yoxdur. Ümid edirəm ki, bu və digər yeniliklər tezliklə bütün ölkə daxilində yayılacaqdır.
Buna baxmayaraq, testlərə olan tələb bir müddət təklifi üstələyəcəkdir. İndi onlar sistemsiz şəkildə aparılır və biz nə xəstələrin dəqiq sayını, nə də epidemiyanın yayılma istiqamətini qiymətləndirə bilirik. Digər bir problem – testin nəticələrini bir həftə gözləmək lazımdır.
Buna görə ölkəyə əvvəlcədən kimin yoxlanılacağı aydın olmalıdır. İlk sıralarda həkimlər və təcili yardım xidmətlərinin əməkdaşları olmalıdır, sonra ağır simptomlu pasientlər və onlarla əlaqədə olan şəxslər.
Eyni şey maskalar və ventilyasiya cihazlarına aiddir. Qubernatorlar ilk tibbi yardım vasitələri, xəstəxanalar isə onlara görə külli miqdarda pul ödəməyə məcbur olduqda vəziyyət daha da ağırlaşır.
Nəhayət, üçüncüsü, müalicə metodlarının və peyvəndlərin hazırlanmasına elmi yanaşma lazımdır. Alimlər bütün gücləri ilə bu istiqamətdə çalışırlar. Rəhbərlər şaiyələr yaymasalar və çaxnaşmanı təşviq etməsələr, onlara kömək edə bilərlər. Belə ki, hidroksiklorokin dərmanının COVID-19 virusunun müalicəsində istifadə edilməsi haqqında məlumat yayıldı və bu, həmin dərmanın çatışmazlığı probleminə gətirib çıxardı.
İş prosesinə riayət etmək lazımdır: könüllülər üzərində təcrübələr aparmaq və nəticələr barədə ictimaiyyəti məlumatlandırmaq. Təhülkəsiz və effektiv müalicə üsulu əldə etdikdən sonra, ilk olaraq ən çox ehtiyacı olanlara kömək etməliyik.
Bu pandemiyaya son qoymaq üçün təhlükəsiz və effektiv peyvənd lazım olacaq. Hər şeyi düzgün etsək, onu bir il yarım ərzində əldə edə biləcəyik – həmişəkindən daha sürətli. Lakin pevənd hazırlamaq hələ işin yarısıdır. Amerikalıları və bütün Yer sakinlərini qorumaq üçün milyardlarla doza istehsal edilməlidir (Peyvənd olmasa, inkişaf etməkdə olan ölkələr zənginlərdən daha çox risk edir, çünki onlar üçün karantin rejimini tətbiq etmək və bütün müəssisələri bağlamaq daha çətindir).
Biz bu peyvəndlərin istehsalı üçün obyektlərin inşasına artıq indi başlaya bilərik. Bir çox pespektivli layihələr özünəməxsus avadanlıq tələb etdiyi üçün, onlardan bəzilərinin heç vaxt istifadə edilməyəcəyini başa düşərək hər biri üçün ayrı-ayrı obyektlər qurmalı olacağıq. Özəl şirkətlər bu riskləri öz üzərinə götürməsələr də, federal hökumət buna qadirdir.
TED 2015 konfransındakı çıxışımda dünya liderlərinə səsləndim: Təsəvvür edin ki, pandemiya – müharibədir. Sistemdəki çatları axtarıb tapmaq üçün simulyasiyaya hazır olun. Bu il başa düşdüyümüz kimi, bizi uzun bir yol gözləyir. Lakin mən yenə də inanıram ki, bu gün düzgün qərarlar qəbul etsək, həyatımızı xilas edə və ölkəni yenidən işə sala bilərik.
Bill Qeyts – Microsoft şirkətinin təsisçisi və Bill & Melinda Gates Foundation fondunun həmsədridir.