22 C
Baku
Thursday, October 3, 2024

Ən qeyri-adi edam cəzası

XVIII əsrlərdə ölkəyə rəhbərlik etmiş İsveç kralı III Gustav qəti olaraq əmin idi ki, çay və qəhvə insan orqanizminə böyük zərər yetirir. Öz əhalisinin, tabeliyində olan insanların həyat sağlamlığını qorumaq üçün o dəfələrlə ölkədə bu içkilərdən istifadəni məhdudlaşdıran qanunlar tətbiq edirdi.

1746-cı ildə növbəti bir kral fərmanı imzalanır. Bu fərmana görə, çay və qəhvə həvəskarları dövlət xəzinəsinə daha artıq vergi ödəməli idilər. Bir müddətdən sonra isə qəhvə tamamilə qadağan edilsə də, qəhvədən qeyri-qanuni yolla istifadə davam edirdi.

Vəziyyət belə olduqda qəzəblənmiş kral tərs qəhvə həvəskarlarına bu içkinin zərərini yaxşı bir nümunə ilə sübut etmək qərarına gəldi. Eksperiment üçün isə ağır cinayət törətdiklərinə görə edam cəzasına layiq görülmüş iki ekiz qardaş seçilir. Bu zaman edam cəzası ömürlük məhkumluqla əvəz edilir. Bununla yanaşı, qardaşlardan biri bütün ömrü boyunca hər gün çox miqdarda qəhvə, digər qardaş isə çay içməyə məhkum edilir. “Qəddar” eksperimentin şərtləri məhz beləcə idi.

Cinayətkarların sağlamlıq vəziyyətlərinə nəzarət üçün iki həkim təyin edilmişdi. Bu həkimlər mütəmadi olaraq təcrübənin nəticələri ilə bağlı krala məlumat verməli idilər. İllər keçirdi. Lakin cinayətkarların ağır əzablar içərisində dünyasını dəyişdiyi barədə xəbər yayılmırdı. Eksperiment başa çatmamış həkimlərdən biri, bir neçə ildən sonra isə digəri dünyasını dəyişir.

Kral III Gustavın özü isə 1792-ci il 16 mart tarixində İsveç kral operasında qətlə yetirilir. O sui-qəsdin qurbanı olur. Qardaşlara gəldikdə isə, onlar “təhlükəli” içkini içməkdə davam edirdilər. Çay içməyə məhkum edilmiş qardaş 83 yaşında, digər qardaş isə bir neçə ildən sonra dünyasını dəyişir.

Eksperimentin uğursuzluqla nəticələnməsinə baxmayaraq, İsveçdə qəhvədən istifadəni qadağan edən qanun XIX əsrin 20-ci illərinə qədər davam edir. Bununla yanaşı, ölkə əhalisi gizli yolla bu içkilərdən istifadə edirdilər.

Qanun tam olaraq 1822-ci ildə ləğv edilir. Hazırda isə İsveç adambaşına düşən qəhvə istifadəsinə görə lider olan ölkələrin 10-luğuna daxildir.

Son xəbərlər
Digər xəbərlər