“İnsanlar pullarını nağd şəkildə saxlamamalı, əksinə olaraq hökumətin iqtisadiyyata dəstək tədbirləri sayəsində günü-gündən bahalaşan aktivlərə investisiya qoymalıdırlar”, – deyə “Bridgewater Associates” fondunun təsisçisi milyarder Rey Dalio söyləyir. Onun sözlərinə görə, dünyada ən vacib aktiv ABŞ dollarıdır.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Belə ki, koronavirus pandemiyası şəraitində mərkəzi banklar aktiv şəkildə pul çap edəcəklər və faiz dərəcələri aşağı səviyyədə saxlanılacaq, belə olan hallarda digər aktivlərə investisiya qoymaq daha sərfəlidir.
“Unutmayın ki, onlar (nağd pul) digər aktivlər kimi volatil olmasa da, mal və xidmətlər, eləcə də digər maliyyə aktivləri ilə müqayisədə daha çox itki verir. Bu itkilər ildə bir neçə faiz təşkil edir”, – Dalio yazır. İnvestor misal olaraq qızıl və “bəzi səhmlər”i göstərir.
“Dünyanın ən vacib valyutasını çap edən maşına sahib olmaq, dünyanın ən vacib aktivinə sahib olmaq kimidir. Belə ki, bir çox insanın pula ehtiyacı var”, – Rey Dalio vurğulayır.
“Forbes” jurnalının qiymətləndirmələrinə görə, Rey Dalio dünyanın ən zəngin adamları sırasında 57-ci yer tutur, onun sərvəti 18 milyard dollar təşkil edir.