14 C
Baku
Sunday, November 24, 2024

Qızıl hələdə qoruyucu aktiv sayılır?

Qızıl – bəşəriyyət tarixində xüsusi rola malik olan metallardan biridir. Min illər boyunca qızıl pula ekvivalent funksiyanı uğurla yerinə yetirirdi. Onun fiziki xüsusiyyətləri və estetik keyfiyyətləri (korlanmaya və kimyəvi təsirlərə qarşı dözümlü olması, elastiklik və parıltı) bu metala mütləq dəyər qazandırdı. Buna görə də, qızıl standartı artıq geridə olsa belə, qızıl bü gün də ən güvənli aktivlərdən biri sayılır. 

Niyə? Qoruyucu aktivlər dedikdə, böhran əleyhinə istifadə olunan alətlər, o cümlədən investisiya risklərinin hecləşdirilməsi vasitələri nəzərdə tutulur. İqtisadi böhran vəziyyətində, birjalar çökdükdə və əksər ölkələrin valyutaları devalvasiyaya uğradıqda, hansı şirkətlərin və milli iqtisadiyyatların böyüyəcəyini proqnozlaşdırmaq çətindir. Bu halda mütəxəssislərin proqnozlaşdıra biləcəyi tək şey qızılın dəyişməz dəyəridir. 

Qızıl-valyuta ehtiyatları

Qızıl standartı dövrü 1971-ci ildə başa çatsa da, niyə dünyanın əksər ölkələri hələ də qızıl-valyuta ehtiyatlarını doldururlar?

Fakt budur ki, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin Mərkəzi Bankları da qızılı böhran şəraitində milli valyutanın mövqeyini gücləndirə bilən qoruyucu aktiv kimi nəzərdən keçirirlər. Dünyanın ən böyük qızıl ehtiyatı ABŞ-dadır (təxminən 8 min ton). ABŞ dolları dünyanın əsas valyutası ona görə hesab olunur ki, onun bu qədər möhkəm “dayağı” var. Qızıl ehtiyatlarına görə dünya liderləri arasında Almaniya (3 min tondan çox), Fransa və İtaliya (hər biri 2,5 min ton), həmçinin Rusiya (2 min tondan çox) var. 

Milli valyuta üçün qızıl möhkəm təminat, etibarlılıq və sabitliyin qarantıdır. Bundan əlavə, qızıl yüksək likvid aktivdir, ənənəvi beynəlxalq ödəniş və hesablama vasitəsidir. Qızıl ehtiyatları dövlətin iqtisadi müstəqilliyinin, dünya bazarındakı rəqabət qabiliyyətinin göstəricisidir. Buna görə qızıl ehtiyatlarını artırmaq tendensiyası dəyişməz olaraq qalır və bu aktivin dəyəri yalnız uzunmüddətli perspektivdə artır (sabitlik dövründə kiçik düzəlişlərlə). 

Qızıl və birja “çöküşləri”

Adətən fond bazarların çökməsi qızılın qiymətinin artması ilə müşaiyət olunur. İnvestorlar investisiya portfelindəki riskləri azaltmaq üçün qızıl almağa başlayırlar. Müəyyən hallarda böyük çöküşlər qısamüddətli əks təsir göstərə bilirlər: investorlar zərərləri ödəmək üçün qızıl ehtiyatlarını satırlar və nəticədə qiymət aşağı düşür. Bir müddətdən sonra aktiv yenidən artmağa başlayır. 

Keçmişdəki tənəzzül dövrlərinin statistikası göstərir ki, birjadakı “çöküşlər” qızıl qiymətlərində müsbət dinamika ilə müşaiyət olunur. 

1929-cu ildən başlayan “Böyük Depressiya” və 1933-cü ildə ABŞ-da qızıl standartının ləğvi, dolların devalvasiyasına və qızıl qiymətlərinin artmasına səbəb oldu. Sonra qızılın qiyməti bir neçə onilliklər ərzində bir unsiya üçün 35 dollar səviyyəsində sabit qaldı, bu səbəbdən 1957-ci il iqtisadi böhranı ona demək olar ki, təsir etmədi. Lakin 1971-ci ildə qızıl standartının ləğvi ilə qiymətlər kəskin artmağa başladı, 1973-cü ildəki iqtisadi böhran bu tendensiyanı daha da gücləndirdi. 1980-cı ildən sonra qızılın qiyməti aşağı düşməyə başlasa da, 1987-ci ilki “Qara bazar ertəsi” nəticəsində bir müddət ərzində artım müşahidə olundu. 2001-ci il hadisələrdən sonra yeni yüksəliş meyli meydana gəldi. 2008-ci  və 2020-ci il böhranlarına, göründüyü kimi, kəksin artımla cavab verdi. 

Dünyanın ən böyük qızıl mədənçiləri

Qızıl hasil edən şirkətlərin səhmlərini almaq – qızıla investisiya qoyuluşunun formalarından biridir. Portfeldə bu cür aktivlərin olması qlobal böhranlarla əlaqəli riskləri azaldır. Böhran dövründə qızıla tələbat artdığına görə, qızıl mədənçilərinin səhmlərinin dinamikası da müsbətdir. 

Dünyanın ən böyü qızıl mədənçilərini nəzərdən keçirək. 

Birinci yeri 2018-ci ildə 145 ton qızıl hasil etmiş Newmont Goldcorp (NYSE:NEM) şirkəti tutur. Şirkətin bazar kapitallaşması 31 539 milyon dollar təşkil edir, bütün dünyada (ABŞ, Cənubi Amerika, Afrika, Avstraliya) işləyir. 

İkinci yerdə ildə 128 ton qızıl istehsal edən Barrik Gold (NYSE:GOLD) şirkəti dayanır. Şirkətin kapitallaşması 30 242 milyon dollar təşkil edir (gəliri – 3 048 milyon dollar). Kanada, ABŞ, Avstraliya və Cənubi Amerikada işləyir. 

Üçüncü yeri Cənubi Afrika şirkəti tutur – AngloGold Ashanti (NYSE:AU). Şirkət ildə 96 ton qızıl istehsal edir, kapitallaşması 8 206 milyon dollar, gəliri isə 1 150 milyon dollar təşkil edir. Afrika, Avstraliya və Amerikada işləyir. 

Kanadanın Kinross Gold (NYSE:KGC) şirkəti ildə demək olar ki, 70 ton qızıl istehsal edir və dördüncü yeri tutur. Kapitallaşması – 5 484 milyon dollar, gəliri – 1 026 milyon dollar. Kanada, ABŞ, Braziliya və Rusiyada işləyir. 

Qızıl istehsalına görə dünyanın lider şirkətlərinin ilk beşliyini Avstraliyanın Newcrest Mining (ASX:NCM) şirkəti tamamlayır. Şirkət ildə 68 ton qızıl istehsal edir, kapitallaşması 16 214 milyon dollar təşkil edir. Kanada, İndoneziya və Papua-Yeni Qvineyada işləyir. 

Son xəbərlər
Digər xəbərlər