“Biz o zaman da bildirdik ki, vəsaitlərin Rusiya rublu ilə saxlanması, Rusiya şirkətlərinə yatırılması risklidir”.
Bunu xarici və yerli mediada Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ARDNF-yə təsir etməsi ilə bağlı yayılan məlumatları şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirdi:
“Təbii ki, bu sanksiyalar ARDNF-yə təsirsiz ötüşməyəcək. Çünki əmanətlərin saxlanılması əlavə əmanət portfeli müəyyən edildiyi zaman digər valyutalarla yanaşı Rusiya rublu da siyahıya salınmışdı. Həmçinin sözügedən bankın səhmlərinin bir hissəsinin də alınması ilə bağlı qərar qəbul edilmişdi. Təbii ki, Dövlət Neft Fondu bununla istədi ki, riskləri azaltsın. Amma biz o zaman da bildirdik ki, vəsaitlərin Rusiya rublu ilə saxlanması, Rusiya şirkətlərinə yatırılması risklidir. Çünki Rusiya gələcəkdə proqnozlaşdırıla bilən ölkə deyil.
Təbii ki, Rusiya o vaxt da proqnozlaşdırıla bilən ölkə deyildi. Məhz buna görə də bu ölkəyə neft vəsaitlərinin yatırılması risklidir. İndiki halda sanksiyalar ARDNF-yə təsir edəcək. Həm də ona görə ki, Azərbaycan Moskvada da daşınmaz əmlaka investisiya yatırır.
Hesablamalar göstərir ki, sanksiyalar Rusiyada daşınmaz əmlakın qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. Amma ümumilikdə ciddi təsirlər proqnozlaşdırmırıq. Çünki aktivlərin yalnız 5 faizi digər valyutalarda qorunurdu və bu baxımdan Rusiya rublunun çəkisi çox azdır. Amma hesab edirəm ki, bu sanksiyalar ARDNF üçün siqnal olmalıdır. Dövlət Neft Fondu bundan sonra Rusiya kimi qeyri-stabil, Qərblə problemləri olan ölkələrə yatırım etməkdən çəkinməlidir”.
Xatırladaq ki, məşhur “Faynenşl Tayms” (Financial Times) jurnalı Rusiyaya tətbiq edilən sanksiyaların “Vneştorqbank”a (VTB) və “Sberbank”a daha çox təsir edəcəyini və VTB bankın əsas səhmdarlarından biri kimi Dövlət Neft Fondunun da bu sanksiyalardan ziyan görəcəyini yazıb. ARDNF və digər iki xarici fond ötən il VTB-nin 3,3 milyard dollarlıq səhm paketini alıblar və hər biri 3-3,75 faizlik paya malikdir (DNF VTB-nin səhmlərinə yarım milyard dollar yatırıb – red.) Rusiya hökuməti bankın səhmlərinin 60 faizinə nəzarət edir.
Axar.az