“Azərlotereya” ASC 2019-cu ili 5,6 milyon manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına əsasən xəbər verilir ki, bu, 2018-ci ilə nisbətən 73,5% çoxdur.
Ötən il “Azərlotereya”nın əməliyyat gəlirləri 20,8 milyon manat (illik müqayisədə 48,7% az), satışının maya dəyəri 14,3 milyon manat (61,2% az), sair əməliyyat gəlirləri 291 min manat (əvvəlki il zərər olub), maliyyə gəlirləri 263 min manat (33,4% az), mənfəət vergisi ödəmələri isə 1,4 milyon manat (73,5% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərlotereya”nın aktivləri 16,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 38% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 66,4% artaraq 8,5 milyon manata, balans kapitalı isə 17% artaraq 8,1 milyon manata, o cümlədən nizamnamə kapitalı 10 dəfə artaraq 200 min manata çatıb.
Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb.