Çexiya Respublikası vətəndaşların respublika daxilində sərbəst hərəkətinə və onun hüdudlarından kənara çıxmasına qoyulan qadağaları ləğv edir.
Banker.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri məlumat verib.
Onun sözlərinə görə, aprelin 24-dən etibarən vətəndaşların respublika daxilində sərbəst hərəkətinə qoyulan qadağalar ləğv edilir. Aprelin 27-dən isə bütün universitetlər yenidən fəaliyyətə başlayacaq. Qeyd edildiyi kimi, məhdudiyyətlərin aradan qaldırılması bir neçə mərhələdə davam edəcəkdir. Belə ki, mayın 11-də ticarət mərkəzlərinin, muzeylərin, bərbərlərin, iki həftədən sonra isə otel və restoranların açılması planlaşdırılır.
Nazir bunun ölkədə epidemioloji vəziyyətin yaxşılaşdırılması sayəsində mümkün olduğunu söyləyib.
Xatırladaq ki, Çexiyada karantin rejimi martın 12-də qüvvəyə minmişdir.