Avropa İttifaqının 27 ölkəsinin liderləri Avropa iqtisadiyyatına 540 milyard avro dəstək planını təsdiq etdilər. Banker.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Çarlz Mişel cərşənbə axşamı günü keçirilən mətbuat konfransında açıqlayıb.
Aİ liderləri Avropa Komissiyasına koronavirus pandemiyasından zərər çəkmiş Avropa iqtisadiyyatının bərpası üçün gələcək uzunmüddətli fondun parametrlərini hazırlamağı tapşırıb.
Çarlz Mişelin sözlərinə görə, fond koronavirus pandemiyasının yayıldığı dövrdə karantin rejimindən ən çox zərər çəkən ölkələrə və iqtisadiyyat sahələrinə dəstək olacaq. Bununla yanaşı, rəhbər konkret məbləğlərə dair heç bir açıqlama verməyib.
Qeyd edildiyi kimi, iqtisadi yardım proqramına üç əsas paket daxildir. Birincisi, Avropa Komissiyasının işəgötürənlərə kompensasiya ödəmək üçün yaratdığı SURE proqramı (100 milyard avro). İkincisi, Avropa İnvestisiya Bankının kiçik və orta sahibkarlığı dəstəkləmək üçün ayırdığı 200 milyard avro. Və üçüncüsü, Avrozona ölkələrinin borc alacağı 240 milyard avro: bu vəsait pandemiyadan daha çox zərər çəkən ölkələrə (məsələn, İtaliya və İspaniya) yardım olaraq istifadə edilə bilər.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen qeyd edir ki, Avropa iqtisadiyyatı 2021-2027-ci illər arasında koronavirus pandemiyasının təsirindən tam qurtularaq, əvvəlki vəziyyətinə qayıtmalıdır.