İsveçrə Federal Şurası (hökumət) koronavirusla bağlı məhdudiyyətlərin yüngülləşdirilməsi üzrə ikinci mərhələnin başladığı gün – mayın 11-dən etibarən restoran, muzey və kitabxanaların açılmasına icazə verib.
Bu barədə hökumətin Berndə dərc edilən qərarında deyilir.
Məhdudiyyətlərin tədricən ləğv edilməsi planına uyğun olaraq mayın 11-dən orta məktəblərdə məşğələlərin bərpa olunacağı və mağazaların açılacağı nəzərdə tutulurdu. Lakin aprelin 29-da Federal Şura koronavirusdan müdafiə tədbirlərini əlavə olaraq yüngülləşdirmək qərarına gəlib.
İsveçrədə pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasının birinci mərhələsi aprelin 27-də başlayıb. Ölkədə stomatoloji, psixoterapevt və baytarlıq klinikaları, həmçinin gözəllik salonları, kənd təsərrüfatı və tikinti materialları mağazaları açılıb, xəstəxanalarda təxirə salınmış əməliyyatlar bərpa olunub. Mayın 11-də başlayacaq ikinci mərhələdə orta məktəblər və digər bütün mağazalar, iyunun 8-dən isə texniki peşə və ali məktəblər fəaliyyətlərini bərpa edəcək.
Məhdudiyyətlərin yumşaldılması İsveçrədə virusa yoluxma hallarının kəskin azalması ilə əlaqədardır. Martın sonları – aprelin əvvəllərində hər gün mindən çox yoluxma halı qeydə alınırdısa, aprel ayının 29-da sutka ərzində yoluxanların sayı cəmi 143 nəfər təşkil edib. COVID-19 xəstəliyindən ölənlərin sayında da qeyri-bərabər və zəif azalma müşahidə olunur. Federal Səhiyyə İdarəsinin məlumatına əsasən, son sutka ərzində ölkədə 28 nəfər virus səbəbindən həyatını itirib.
Pandemiyanın onlayn statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 18:30-a olan məlumatına əsasən, dünyada 3 milyon 163 mindən çox yoluxma və 219 min 332 ölüm faktı qeydə alınıb, 975 min 783 nəfər COVID-19 xəstəliyindən sağalıb.
İsveçrədə koronavirusa yoluxanların sayı 29 min 400 nəfəri ötüb, 1699 nəfər isə bu xəstəlik səbəbindən dünyasını dəyişib.
©Azərtac