Amerikalı yazıçı və tarixçi Uilyam Dyurant demişdir: “Biz günü-gündən etdiyimiz hərəkətlərin məcmusuyuq. Bu halda ustalıq sadəcə vərdişdir”. Qeyd edək ki, Ulyamın fikrini təkcə ustalığa deyil, eyni zamanda bunun əksi üçün də uyğundur. Bu o deməkdir ki, hər hansı bir sahədə ustalığa çatmaq üçün sadəcə vərdişləri dəyişdirmək kifayət edir. Düzdür, onlar müvəffəqiyyətə zəmanət vermirlər. Məsələn, özünüzdə İlon Maskın vərdişlərini inkişaf etdirsəniz, ikinci İlon Mask olmayacaqsınız. Siz davranışınızı dəyişdirməlisiniz.
Sahibkar Darius Foro (Darius Foroux) öz bloqunda sizə lazım olan vərdişləri inkişaf etdirməyin üsullarını izah edir.
- Hansı vərdişlərə ehtiyacınız olduğuna qərar verin
Çox vaxt hər hansı bir vərdiş haqqında eşidib dərhal onu həyatımıza daxil etmək qərarına gəlirik. Lakin düşünün: bu vərdişə həqiqətən ehtiyacınız varmı? Səhər saat 5-də oyanmaq, qaçmaq və ya yalnız tərəvəzlərlə qidalanmaq sizin üçün vacibdirmi?
Bəlkə erkən oyanma həqiqətən də faydalı olacaq. Lakin eyni zamanda bu, səhər özünüzü qəzəbli hiss etməyinizin səbəblərindən biri ola bilər. Buna görə özünüzdən soruşun: bu və ya digər vərdiş həyatınızın keyfiyyətini yaxşılaşdıracaqmı?
Bununla yanaşı, dəyişiklik üçün hər hansısa səbəb olmalıdır. Məsələn, həftədə bir kitab oxumaq istəyirsiniz, amma nə üçün? Bu sizə nə verəcək? Hansı məqsədə çatmağa kömək edəcək? Bu barədə düşünün və istədiyiniz nəticəni yaxınlaşdıracaq vərdişləri seçin.
- Vərdişlər üzərində növbə ilə işləyin
Bəzən bir anda hər şeyi dəyişdirmək istəyirik. Daha çox kitab oxumaq, daha məhsuldar işləmək, düzgün qidalanmaq, idman etmək və s. Əgər bir anda bütün vərdişlərin dalınca qaçsanız, özünüzə əlavə stress yaratmış olacaqsınız.
Biz özümüzə obyektiv qiymət verə bilmirik. Bizə elə gəlir ki, qısa müddət ərzində çox şeyə nail ola bilərik. Bu belə deyil. Lakin uzunmüddətli perspektivdə bu olduqca mümkündür. Beləliklə, bütün diqqətinizi yalnız bir vərdişə yönəldin, onu gücləndirin. Və sonra növbəti birinin inkişafına başlayın.
- Plankanı həddindən artıq qaldırmayın
Tez dəyişməyə çalışmayın, azdan başlayın:
- Qaçmaq istəyirsiniz? Gəzməkdən başlayın.
- Kitab yazmaq istəyirsiniz? Hər gün bir cümlə yazın.
- Biznesə başlamaq istəyirsiniz? Ən azı bir müştəri tapın.
- Həftədə iki kitab oxumaq istəyirsiniz? Gündə bir səhifə ilə başlayın.
- Pul yığmaq istəyirsiniz? Yalnız bir dəfə geyinəcəyiniz geyimləri almayın.
- “Check list” dən istifadə edin
Bəzən elə olur ki, yeni vərdişi inkişaf etdirməyə başlayırıq, amma çox keçmədən unuduruq. Həyatda gözlənilməz hallar çoxdur. Sizə elə gəlir ki, bir-iki gün ara versəniz heç nə olmaq. Lakin hər şey bu qədər sadə deyil.
Unutmayın ki, siz daha yaxşı olmaq üçün vərdişlər inkişaf etdirirsiniz. Hər gün “check list” də yerinə yetirdiyiniz vərdişləri qeyd edin. Və bir gün həyatınızın nə qədər dəyişdiyini görüb təəccüblənəcəksiniz.