Müştərilərə xidmət imkanlarını müasir çağırışlara uyğunlaşdıran Azərbaycan Beynəlxalq Bankı distant bank xidmətlərinə ehtiyacı nəzərə alaraq bu istiqamətdə tədbirləri sürətləndirib. Bank korporativ müştərilərinə xidmət ofislərinə gəlmədən məsafədən hesab açmaq və onu idarə etmək imkanı da yaradıb.
Azərbaycan Beynəlxalq Bankında distant bank hesabının açılması bu portal üzərindən həyata keçirilir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar ilk növbədə “ASAN İmza”ya sahib olmalıdır.
Belə ki, müştəri “ASAN İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim etdikdən sonra videogörüşün vaxtını özü təyin edir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir.
Bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır və müştərinin İnternet Bank xidmətinə qoşulması təmin edilir. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə saxlaya bilər.
Azərbaycan Beynəlxalq Bankının baş direktoru Nərgizxanım Biləndərli məsafədən hesab açmağın hüquqi şəxslər və fərdi sahibkarlar üçün yeni bir imkan olduğunu qeyd edib: “Daha hesab açmaqdan ötrü, evdən, iş yerindən kənarlaşıb banka gəlməyə ehtiyac yoxdur. Bunu internet üzərindən həyata keçirmək olar. Məsafədən bank hesabı açmaq müştərilərimizin işini asanlaşdırır,onların vaxtına qənaət edir. Müştərilərimiz məsafədən hesab açıb İnternet Bank xidmətinə qoşula və bu xidmətin üstünlüklərindən faydalana bilərlər”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.