Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatda deyilir.
Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcəkdir.
Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilmişdir. 1 may tarixindən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılmış və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam kompensasiya olunacaqdır.
Ləğv edilmiş bankların hamısı Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcəkdir.
Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması istiqamətində qəbul etdiyi qərarlarının şəffaflığının təmin edilməsi məqsədilə geniş kommunikasiya tədbirləri həyata keçirilir, ictimaiyyət məlumatlandırılır və bu proses davam etdiriləcəkdir