Fransa Bankı rəqəmsal qiymətli kağızların buraxılışını ödəmək üçün ilk dəfə olaraq rəqəmsal valyutadan istifadə edib. Banker.az xəbər verir ki, bu barədə maliyyə tənzimləyicinin saytında deyilir.
“İlin əvvəlindən bəri Fransa Bankı maliyyə bazarlarının, xüsusən də banklararası köçürmələrin yaxşılaşdırılması məqsədi ilə yeni texnologiyalarla təcrübələr aparır. Mayın 14-də rəqəmsal qiymətli kağızların buraxılığını ödəmək üçün uğurla rəqəmsal valyutadan istifadə edilmişdir”, – mesajda deyilir.
Qeyd edildiyi kimi, yaxın həftələrdə Fransa Bankı bazarın digər iştirakçıları ilə əməkdaşlıq sahəsində bir sıra təcrübələr, o cümlədən “Mərkəzi Bankın rəqəmsal avronun banklararası hesablaşmalarda istifadəsi”ni keçirəcəkdir. Tənzimləyici bu cür təcrübələrə maliyyə sənayesinin artan marağını qeyd edir və əldə edilən nəticələrin əhəmiyyətli töhfə verəcəyinə ümid edir.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Fransa Bankı öz rəqəmsal valyutasını 2020-ci ilin birinci rübündə sınamaq niyyətində olduğunu açıqladı. Maliyyə qurumunun prezidenti Fransua Villerua de Halo bu layihənin yalnız banklararası köçürmələrə aid olduğunu bildirdi. Onun sözlərinə görə, bu təcrübəyə “Facebook” un öz Libra kriptovalyutasını buraxmaq planları ilə əlaqədar olaraq başlanılıb.