14 C
Baku
Thursday, November 21, 2024

“Vətəndaş” tipli “Asan İmza” xidməti ödənişsiz olacaq

COVİD-19 epidemiyası ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycanda rəqəmsal iqtisadiyyatın sürətli inkişafı və vətəndaşların dövlət və özəl sektorların elektron xidmətlərinə geniş əlyetərliyinin təmin edilməsi zəruridir.

Banker.az xəbər verir ki, rəqəmsal iqtisadiyyat mexanizmlərinin təmin edilməsi və əlverişli investisiya mühitinin yaradılması, eləcə də ən son innovasiyaların tətbiqi və əhalinin bu innovasiyalara kütləvi əlyetərliyinin təmin edilməsi üzrə ölkənin dünya liderləri sırasına daxil olması üçün dövlət tərəfindən qarşıya qoyulan məqsədə nail olunmasına dəstək məqsədilə “Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən B.EST Solutions şirkəti 20 iyun 2020-ci il tarixindən etibarən “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətini respublika vətəndaşları üçün (“Vətəndaş” tipli “Asan İmza” xidməti) 3 il müddətinə ödənişsiz təqdim etmək qərarına gəldi.

Vətəndaşlar üçün “Asan İmza” xidməti onlara sosial sığorta, pensiyalar, sosial müavinətlər kimi elektron xidmətlərə uzaq məsafədən əlyetərlikdən əlavə nağdsız ödənişlərdən, onlayn kreditləşmələrdən, notariuslardan və s. kütləvi istifadə imkanı yaradacaqdır. Bu da öz növbəsində şəffaflığı artıracaq, vaxt və resurslara qənaət edəcək və vətəndaşları lazımsız bürokratiyadan azad edəcəkdir. Xatırladaq ki, əvvəllər bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 AZN təşkil edirdi. Qeyd etmək lazımdır ki, “Asan İmza” xidmətinin sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “Biznes” və “Dövlət” tiplərinin qiyməti, həmçinin “Asan İmza” istifadəçilərinin bütün kateqoriyaları üçün aylıq abunə haqqı dəyişilməz olaraq qalır. Xüsusilə vurğulayaq ki, “Asan İmza” xidmətini mövcud mobil nömrədə aktivləşdirmək olar və yeni bir nömrənin alınmasına ehtiyac yoxdur.

B.EST Solutions şirkəti 10 ildən artıqdır ki, Azərbaycan bazarında fəaliyyət göstərir və bütün resurslarını rəqəmsal iqtisadiyyatın inkişafına və innovativ həllərə sərmayə qoyaraq, “Asan İmza”nı respublika üzrə 1000-dən çox elektron xidmətə ödənişsiz inteqrasiya etmişdir. Bütün xidmət provayderləri üçün inteqrasiya və texniki dəstək məsləhətləri də ödənişsizdir. Bu qərarın verilməsində əsas prioritet vətəndaşlarımızın fərdi məlumatlarının və dövlət məlumat sistemlərinin ən yüksək səviyyədə məxfiliyini təmin etməklə, bütün Azərbaycan vətəndaşlarına istənilən onlayn əməliyyatları, nağdsız ödənişləri həyata keçirmək üçün ən yüksək dünya standartlarına cavab verən təhlükəsizlik vasitələrilə təmin etməkdir.

  “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əl imzasına bərabər sayılan “Asan İmza” gücləndirilmiş mobil elektron imza bütün beynəlxalq təhlükəsizlik standartlarına cavab verir.

Bu gün Azərbaycanda yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-İmza, Mərkəzi Bankın BSXM-i tərəfindən təqdim edilən elektron imza və B.EST Solutions şirkətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi və Azərbaycanın mobil operatorları ilə birlikdə təqdim etdiyi “Asan İmza” mobil elektron imza geniş yayılmış həllər kimi qanunvericiliyin tələblərinə uyğun olaraq əl imzasına bərabərdir. Bütün digər mobil, bulud həllər və kod-parollar yüksək təhlükəsizlik səviyyəsinə malik deyil və mövcud qanunvericiliyə əsasən gücləndirilmiş elektron imza hesab edilmir.

“1847” – “Asan İmza” Çağrı Mərkəzi öz işini adi rejimdə davam etdirərək, xidmətlə bağlı bütün suallara cavab almaqda sizə kömək edəcək. Suallar yarandıqda eyni zamanda [email protected] elektron poçt ünvanına elektron məlumat göndərə bilərsiniz.  

Son xəbərlər
Digər xəbərlər