“Visa” Rusiyada hissəli ödənişləri daha rahat şəkildə rəsmiləşdirməyə kömək edəcək yeni xidmətini işə salıb.
Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.
Xidmət istifadəyə verilməsindən sonra ilk olaraq Rusiyanın Novosibirsk şəhərində yerləşən DNS elektronika mağazalarında keçərli olacaq. Rusiyanın “Home Kredit Bank” və “Russkiy Standart” bankları bu xidmətə artıq qoşulublar.
“İndi Visa kartı ilə mağazanın kassasında ödəniş edərkən “Hissəli ödəniş” funksiyasını seçmək mümkündür. Bundan sonra müştəri ona uyğun müddəti seçə, habelə bu xidmətin şərtləri ilə yaxından tanış ola biləcək. Müştərinin razılığını alandan sonra ödəniləcək məbləğ iki bərabər hissəyə bölünəcək, bütün şərtlər isə qəbzdə çap ediləcək”, – mesajda deyilir.
“Visa” nın təqdim etdiyi bu xidmətin əsas məqsədi hissəli ödəniş prosedurunu sadələşdirmək, o cümlədən həm alıcının, həm də satıcının vaxtına qənaət etməkdir.