Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.
Bu barədə Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında bildirilir.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə sahələr bunlardır:
Nazirlər Kabienti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti; xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti; sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti; kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
elektrik enerjisinin istehsalı və təchizatı; meliorasiya və su təsərrüfatı; rabitə xidmətləri; teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti; dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları; boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti; fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr); neft və qazın hasilatı, emalı, saxlanması və satışı; fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.