10 C
Baku
Thursday, December 12, 2024

Turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb

Azərbaycanda fəaliyyət göstərən otellərin əməkdaşlıq etdikləri turizm şirkətlərindən 1 milyon manatdan çox alacağı var.

Bu barədə açıqlamasında Azərbaycan Hotel Assosiasiyasının (AHA) vitse-prezidenti Elgün Məmmədov məlumat verib.

“Hazırda ölkədə 700 otelin olduğunu nəzərə alsaq və hər otelə olan borcun məbləğini orta hesabla 10 min manat götürsək bu, elə 700 min manat borc deməkdir. Amma əminliklə deyirəm ki, otellərin arasında alacağı məbləğ bir neçə yüz min manat olanlar da var. Odur ki, borcun məbləğinin 1 milyon manatı keçdiyini demək olar. Borcların strukturu müxtəlifdir. Bura əsasən cari və ümidsiz borclar daxildir. Sonuncu adətən turizm şirkəti və yaxud onun xaricdəki tərəfdaşı bağlananda yaranır”, – o qeyd edib.

Bununla belə, Assosiasiya rəsmisinin sözlərinə görə, 2 il əvvəllə müqayisədə turizm şirkətlərinin otellərə olan borcu dəfələrlə azalıb: “Buna səbəb otellərin mövqelərini sərtləşdirməsidir. Onlar artıq ödənişləri əvvəlcədən alırlar. Əgər əvvəllər qonaq oteldən çıxandan sonra ödəniş edə bilirdisə, indi həmin imkan yoxdur. Hətta bəzi otellər turizm şirkətlərindən depozit də alırlar. Yəni otel onunla əməkdaşlıq etmək istəyən şirkətin ötənilki dövriyyəsi əsasında ondan tələb edir ki, depozit hesabında müəyyən məbləğ olsun. Əgər bu məbləğ yoxdursa və yaxud azdırsa, qonaqların qəbulundan imtina edilir”.

E.Məmmədov bu tipli borcların yaranmaması üçün depozit hesablarının açılmasını və tənzimləyicinin həmin hesabları idarə etməsini təklif edir: “Beynəlxalq təcrübədə turoperator və turagent var. Turagent balaca şirkətdir, turoperatorların filialı, yaxud törəməsi kimi fəaliyyət göstərə bilər. Turoperator isə böyük şirkətdir. Onların hətta öz aviaxətləri, otelləri ola bilər. Belə şirkətlərin bank hesabında depozitin olması daha məntiqə uyğundur. Belə olan halda, o şirkətin ömrü daha uzun olar, nəinki hesabında depozit olmayan şirkət.

Depozitin hesablanma forması şirkətin illik dövriyyəsinə əsasən olsa, daha yaxşıdır. Hesabında 10 min manat pul olan şirkətin təyyarə qaldırması biznes məntiqinə uyğun deyil. Əgər bu şirkətin biznes planına illik tədbirlər daxildirsə, hansısa ölkədən çarter təyyarələri qaldırırsa, böyük otelləri bağlayırsa, əlbəttə ki, onun dövriyyəsi 10 milyonlarla manatdır. Heç olmasa, bu vəsaitin 5%-nin balansda saxlanılması məntiqə uyğundur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər