Rusiyanın Kalininqrad şəhərində yerləşən “Avtotor” zavodunda BMW avtomobillərinin yığılması iyunun ortalarında dayandırılacaq. Banker.az “Kommersant” nəşrinə istinadən bildirir ki, bunun əsas səbəbi komponentlərin tədarükündə yaranan problemlərdir. Bu isə pandemiyanın yayılması fonunda alman konserninin Avropa və ABŞ-da istehsalın dayandırılması ilə izah olunur. Analitiklər qeyd edirlər: istehsal bərpa edildikdən sonra zavodlar sanitar tələblərə görə hələ də tam güclə işləyə bilməyəcəklər, bu da oxşar problemlərə yol aça bilər.
Qeyd edildiyi kimi, bu ani bir qərar deyil: hadisələrin belə inkişaf etməsi təxmin edilirdi və “mövcud vəziyyətin mənfi nəticələrinin minimuma endirilməsinə yönəlmiş tədbirlər planı artıq hazırdır”. İşçilərin məşğulluğunu qismən təmin etmək üçün plansız və planlı tədbirlər görüləcək.
“BMW Group Russia” nın rəhbəri Ştefan Toyhert qeyd edir ki, tədarük ilə əlaqəli problemlər iyulun sonunadək həllini tapacaq.
“Biz lazımi təhlükəsizlik tələblərinə əməl edirik və növbələrin sayını üçdən ikiyə endirdik”, – rəhbər bildirir.
“Avtotor” zavodu konkret olaraq hansı komponentlərin çatışmadığını açıqlamır. Qeyd edək ki, yanvar-mart aylarında Rusiyada BMW avtomobillərinin satışı 12% artaraq 10,9 min ədədə çatıb. Minik avtomobillər bazarı karantin fonunda rekord templə azalır: apreldə 72,4% və mayda 51,8%. Bildirilir ki, dilerlərin fəaliyyəti iyun ayından bərpa olunacaq.
Alman brendi ilə yanaşı, Rusiyanın “Avtotor” zavodunda Kia, Hyundai və Ford Cargo avtomobilləri yığılır