IFC Azərbaycanda elektron maliyyə xidmətlərinin inkişafında “Azərpoçt”la tərəfdaşlıqda çalışır
Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası), Azərbaycanın milli poçt operatoru olan Azərpoçt ilə xüsusilə də ölkənin ucqar ərazilərində yerləşən əhali və özəl sektor üçün maliyyə xidmətlərinə çıxışı genişləndirmək və müasirləşdirmək səyləri daxilində elektron maliyyə xidmətlərindən istifadəni əhəmiyyətli dərəcədə artırmaq üçün tərəfdaşlığa başlamışdır.
IFC, elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən onlayn xidmət kimi elektron pul kisəsinin təqdim edilməsində dəstək göstərmək üçün Azərpoçtla birlikdə çalışacaqdır. Azərpoçt, məhdud bank lisenziyası əsasında bir sıra maliyyə xidmətlərini təqdim etməyə başlamışdır. IFC ilə əməkdaşlıq Azərpoçta digər maliyyə təşkilatlarının agenti qismində seçilmiş maliyyə xidmətlərini göstərməyə və müştəriləri rəqəmsal maliyyə xidmətləri barədə maarifləndirməyə yardım edəcək. Bu iş İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan IFC-nin “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində aparılır.
Bu təşəbbüs, xüsusilə kənd yerlərində, bank filiallarından uzaqda yaşayan əhaliyə və kiçik sahibkarlara banka gəlmədən ödənişlər etməyə və əsas bank xidmətlərinə rəqəmsal çıxış əldə etməyə imkan verəcəkdir. Azərbaycan üçün bu, əhəmiyyətli irəliləyişdir, çünki ölkə əhalisinin yalnız təqribən 29%-nin maliyyə təşkilatında hesabı var. Dünya Bankının Qlobal Findex adlı maliyyə inklyuzivliyi məlumat bazasına əsasən, Azərbaycandakı bu göstərici Avropa və Mərkəzi Asiya regionu üzrə orta həddən xeyli aşağıdır.
“IFC ilə əməkdaşlıq Azərpoçt üçün yeni imkanlar açır. Bu tərəfdaşlıq nəticəsində Azərpoçt hazırda Azərbaycan əhalisinin bank xidmətləri ilə əhatə olunmamış böyük hissəsi üçün maliyyə inklyuzivliyinin təmin edilməsində mühüm rol oynayacaq,” – deyərək “Azərpoçt”un baş direktoru cənab Emin Əfəndiyev qeyd etdi.
“Elektron ödənişlər çox vaxt, xüsusilə hazırda üzləşdiyimiz pandemiya dövrlərində həyati əhəmiyyətə malikdir. Bu təşəbbüs Azərbaycan iqtisadiyyatını şaxələndirməyə və iqtisadi artımı sürətləndirməyə dəstək verən geniş strategiyamızın tərkib hissəsidir və bu halda biz onu elektron maliyyə xidmətlərinə dəstək vasitəsilə həyata keçiririk,” – IFC-nin Cənubi Qafqaz üzrə Regional Meneceri cənab Yan van Bilsen söylədi.
Elektron və rəqəmsal maliyyə xidmətlərinin müasir maliyyə sistemlərinin vacib elementlərini təşkil etməsini nəzərə alsaq, elektron pul kisəsi xidmətlərinin inkişafı həmçinin Azərbaycan bank sistemini daha dayanıqlı və investisiyalara açıq etməyə kömək edə bilər.
Azərbaycan 1995 ildən etibarən IFC-nin üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş 56 uzun-müddətli layihəyə 473 milyon ABŞ dolları (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində investisiya qoymuşdur. Bundan əlavə, IFC, ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə təxminən 100 milyon dollar ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhət xidmətləri layihələrini icra edib.
Qeyd edək ki, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) –Dünya Bankı Qrupunun üzvü – inkişafda olan iqtisadiyyatlarda özəl sektora istiqamətlənmiş ən iri inkişaf təşkilatıdır. Biz, kapital, təcrübə və təsirimizdən istifadə etməklə inkişaf etməkdə olan ölkələrdə bazarlar və imkanlar yaratmaq üçün 100-dən çox ölkədə fəaliyyət göstəririk. Özəl sektorun imkanlarından istifadə edərək, ifrat yoxsulluğu aradan qaldırmaq və müştərək rifahı artırmaq üçün kömək etmək üçün biz, 2019 maliyyə ilində inkişaf etməkdə olan ölkələrdə özəl şirkət və maliyyə təşkilatlarına 19 milyard ABŞ dollarından çox maliyyə investisiya həyata keçirmişik. Daha ətraflı məlumat üçün internet saytımıza daxil olmağınızı xahiş edirik: www.ifc.org.