Birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel-may aylarına dair ödənişlərin olunması prosesi tam yekunlaşıb.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Qeyd edək ki, ilkin olaraq pandemiya dövründə 200 min işsizə 190 manat birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdu. Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik onların sayı 200 mindən 600 minə çatdırılıb. Nazirlik tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilib.
Vətəndaşlar aprel üzrə göndərilən SMS-lərdə göstərildiyi qaydada poçt şöbələrindən və ya bank fililallarından vəsaitlərini alıblar.
May ayına dair birdəfəlik ödənişləri isə həmin vətəndaşlar nazirliyin sifarişi ilə hazırlanan bank kartları vasitəsilə müvafiq banklardan əldə ediblər.
Birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısı nazirliyin rəsmi saytında yerləşdirilib.