Milli Məclisin bu gün keçirilən iclasında “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Komitə sədri bildirib ki, 2019-cu il dövlətin iqtisadi qüdrətinin möhkəmləndirilməsi və xalqımızın rifah halının yüksəldilməsində irəliyə doğru daha bir uğurlu addım olub, bütün sosial proqramlar, xüsusilə də 2 böyük sosial paket icra olunub, nəzərdə tutulan hədəflərə nail olunub:
“Dövlət və icmal büdcələrinin gəlirləri proqnozla nəzərdə tutulduğundan artıq, xərclərin isə təsdiq edilib büdcə ayırmaları həddini aşmadan icra olunub. Proqnoza nisbətən büdcə xərclərinin az icra olunmasına baxmayaraq heç bir sosial layihənin, prioritet xərclərin və tədbirlərin ixtisar olunmaması təqdirəlayiq hal kimi qiymətləndirilib. Dövlət büdcəsinin kəsiri proqnoza nisbətən qat-qat az olub, onun ümumi daxili məhsulda xüsusi çəkisi isə cəmi 0,3 faiz təşkil edib. 2019-cu il üçün dövlət büdcəsinin icrası cənab Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl surətdə davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın stimullaşdırılması istiqamətində öz müsbət rolunu oynayıb”.
İclasda Maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iştirak edirər.