Rusiyaya qarşı sanksiyalar “VTB”nin törəmə bankının Azərbaycanda fəaliyyətinə ziyan vurmayacaq. Bu barədə cümə günü Rusiyanın “Bank VTB” ASC-nin böyük vitse-prezidenti, Törəmə şirkətlər üzrə departamentin rəhbəri Mixail Yakunin bildirib.
“Rusiya banklarına qarşı tətbiq edilən sanksiyalar “Bank VTB”nin Azərbaycanda fəaliyyətinə təsir etməyəcək, çünki yalnız ABŞ və Avropanın fond bazarlarında maliyyələşmənin əldə edilməsi imkanına aiddir. “Bank VTB (Azerbaijan)” öz fəaliyyətində bu alətdən istifadə etmir. Bankın müştəriləri sanksiyalarla bağlı işdə heç bir dəyişiklik hiss etməyəcəklər – bank xidmətlərin bütün spektrini təqdim etməkdə və öhdəliklərini tam həcmdə yerinə yetirməkdə davam edəcək”, – deyə M.Yakunin bildirib.
M.Yakunin qeyd edib ki, Azərbaycanın bank bazarı MDB məkanında ən stabil və dinamik inkişaf edən bazarlardan biridir.
“Mövcud makroiqtisadi vəziyyətdə postsovet məkanı ərazisində Azərbaycanda ÜDM-in artım göstəriciləri çox yaxşıdır. İqtisadiyyatın yalnız neft sektoru sayəsində inkişaf etməməsinə xüsusi diqqət yetirmək lazımdır. Son zamanlar onun ÜDM-də payı azalır. Bu, ciddi müsbət amillərdən biridir. Bank sektorunun artımı təxminən 10% təşkil edir. Kifayət qədər sabit valyuta məzənnələri var – bütün bunlar burada bank biznesinin aparılmasına əlverişli şərait yaradır”, – deyə M.Yakunin qeyd edib.
2009-cu ilin mart ayında Azərbaycan Mərkəzi Bankı “Bank VTB (Azerbaijan)” ASC-yə bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
İnterfaks