LİVİYADA YARANMIŞ vəziyyət son həftələr öz aktuallığına görə Suriya müharibəsini də kölgədə qoyub. COVİD-19 kimi qlobal miqyaslı problem və onun bütün dünyada yaratdığı iqtisadi çöküş, ABŞ-da Сorc Floydun qətlindən sonra baş verən hadisələrlə birlikdə Liviya məsələsi bu gün dünya gündəminin üst sıralarında yer alır. Orada münaqişəyə cəlb olunmuş ölkələrdən biri Türkiyə olduğundan mövzu Azərbaycanda xüsusi maraq doğurur. Liviyada Türkiyənin rəqabət etdiyi, hətta dolayı olaraq savaşdığı ölkələrdən birinin Rusiya olması isə bu marağı daha da artıran amildir. Bu səbəbdən biz Şimali Afrika regionu və onunla əlaqəli olan Aralıq dənizinin şərqindəki geosiyasi mübarizəni, tərəflərin nəyə nail olmaq istədiyini, Liviyada hansı maraqları güddüyünü bu yazıda araşdırmağa çalışmışıq.
Qısa tarixi arayış: 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada vahid hökumət və mərkəzləşdirilmiş idarəçilik yaratmaq mümkün olmayıb, nəticədə ölkə ayrı-ayrı silahlı qrupların və qəbilələrin hökmranlıq etdiyi hissələrə bölünüb, sonra onların arasında silahlı toqquşmalar başlayıb. Hazırda ölkənin qərbində – paytaxt Tripoli və ətrafında hakimiyyət Milli Razılıq Hökumətinə (MRH), şərqində isə Liviya Nümayəndələr Palatasına (LNP) məxsusdur. Tobruk şəhərində yerləşdiyi üçün Tobruk hökuməti də adlandırılan LNP-ni marşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusu (LMO) dəstəkləyir. MRH 2015-ci ildə Liviyadakı müxtəlif qruplar arasında BMT-nin vasitəçiliyi ilə aparılan danışıqların yekununda – həmin il dekabrın 17-də Mərakeşin Şirat şəhərində imzalanmış saziş əsasında yaradılıb. Bu səbəblə, MRH Liviyanın legitim hökuməti kimi tanınır və hökumətə Faiz Sərrac rəhbərlik edir. LNP əvvəlcə bu hökuməti qəbul etsə də, qısa müddət sonra onu tanımadığını elan edib. O vaxtdan bəri ölkədə ikihakimiyyətlilik bərqərar olub. 2017-ci ilin mayında Abu-Dabi şəhərində və iyulunda Parisdə MRH rəhbəri Faiz Sərrac və LMO komandanı Xəlifə Haftar arasında problemin siyasi yolla həlli üçün razılaşmalar əldə edilsə də, bunları indiyədək icra etmək mümkün olmayıb. 2019-сu ilin aprelində Haftar terrorçu adlandırdığı Sərrac hökumətini devirmək üçün Tripoli üzərinə hücuma başlayıb, şəhərin cənub hissəsinə qədər irəliləyə bilsə də, öz məqsədinə çata bilməyib.
Xarici müdaxilə
Milli Razılıq Hökuməti BMT səviyyəsində qanuni hökumət kimi tanınsa da, Tobruk hökuməti və onu təmsil edən Haftar Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İran kimi regional qüvvələr və Rusiya, Fransa kimi qlobal qüvvələr tərəfindən dəstəklənir. Adı çəkilən ərəb ölkələri Haftarı maliyyələşdirir və hərbi texnika ilə təchiz edir, Rusiya isə Vaqner özəl hərbi şirkətinin muzdlu döyüşçülərini Liviyaya göndərməklə, qeyri-rəsmi olaraq müharibənin tərəflərindən birinə çevrilib. Vaqner qruplaşmasına Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (məşhur QRU) keçmiş zabiti Dmitri Utkin rəhbərlik edir və bu qurum “Putinin aşpazı” kimi tanınan, Rusiya prezidentinə yaxın iş adamı Yevgeni Priqojin tərəfindən maliyyələşdirilir. Moskva bu şirkət və onun fəaliyyəti ilə bağlılığını inkar etsə də, Vaqnerin Rusiyanın xarici siyasət məqsədlərinin həyata keçirilməsində istifadə olunduğu sirr deyil. Bu qrupun üzvləri daha əvvəl Ukrayna və Suriyada döyüşüblər.
MRH isə Fransa istisna olmaqla, Qərb dövlətləri və ittifaqları (ABŞ, NATO, Avropa Birliyi) tərəfindən siyasi səviyyədə dəstəklənir və Türkiyə ilə Qatardan hərbi, maddi yardım alır. 2019-cu il noyabrın 27-də İstanbulda Türkiyə və Liviya hökumətləri arasında təhlükəsizlik və hərbi əməkdaşlıq haqqında saziş imzalanıb və bunun davamı kimi 2020-ci il yanvarın 2-də Türkiyə Böyük Millət Məclisi hökumətə Liviyaya hərbi qüvvə göndərmək üçün icazə verib. Türkiyə hökuməti bu anlaşma və parlamentin icazəsinə qədər də Sərrac hökumətinin ayaqda qalması üçün ona qeyri-leqal yolla kömək göstərirdi, rəsmiyyətdən sonra isə açıq şəkildə Liviyada hərbi əməliyyatların gedişinə müdaxilə etdi. Türkiyə hərbi təlimatçılarının MRH silahlı qüvvələrinə hərbi əməliyyatların planlaşdırılması və icrasında verdiyi peşəkar dəstək, eləcə də Türkiyə hərbi dronlarının döyüşlərdə iştirakı və Haftar qüvvələrinə havadan dəqiq zərbələr endirməsi müharibədə Sərrac hökuməti lehinə dönüş yaradıb.
2020-ci ilin aprelin 28-də Haftar özünü bütün Liviyanın yeganə qanuni rəhbəri elan edərək Şirat anlaşmasından çıxdığını bildirməsindən bir qədər sonra MRH qüvvələri əks-hücum əməliyyatına başlayıb. Əməliyyat nəticəsində LMO Tripoli ətrafından uzaqlaşdırılıb. Şəhərin 130 km cənub-qərbində yerləşən, 2014-cü ildən Haftarın əlində olan və Tripoliyə hücumlarda platsdarm kimi istifadə olunan Vatiyyə aviabazası, paytaxtın 80 km cənubunda yerləşən Tarhuna şəhəri, 180 km cənub-şərqdəki Bəni Vəlid şəhəri və hava limanı, eləcə də qərbdə Misratadan Tunis sərhədinə qədər uzanan zolaq MRH tərəfindən ələ keçirilib. Bununla da Tripoli üzərindəki təhdid aradan qalxıb və hərbi-psixoloji üstünlük tamamilə qanuni hökumətə keçib. Türkiyə dronlarının Rusiya istehsalı olan çoxlu sayda Pantsir hava hücumundan müdafiə qurğularını sıradan çıxarması əməliyyatların diqqət çəkən epizodlarından biridir. Haftarın qərb cəbhəsində aldığı sarsıdıcı məğlubiyyətlərdən sonra Rusiya gizli şəkildə Liviyaya hərbi təyyarələr göndərib. Bu barədə ABŞ-ın Afrika komandanlığı dəlil-sübutlar təqdim edib. Misir isə atəşkəs çağırışı ilə çıxış edib.
Liviya niyə əhəmiyyətlidir?
Liviya ən zəngin neft-qaz ehtiyatlarına malik Afrika ölkəsidir və Aralıq dənizi sahilində limanlara malik olması imkan verir ki, bu ehtiyatlar Avropaya asanlıqla nəql edilsin. Münaqişəyə cəlb olunan bütün dövlətlərin enerji maraqları onların Liviyaya diqqətində mühüm rol oynayır. Fərqli və toqquşan maraqlara gəldikdə isə, biz burada ayrı-ayrılıqda bütün aktorların deyil, əsasən Rusiya və Türkiyənin rolundan bəhs edəcəyik.
Rusiya Orta Şərqdə – Suriyada möhkəmləndikdən sonra öz nüfuzunu Şimali Afrikaya da yaymaq və üç qitənin (Avropa, Asiya, Afrika) əhatəsində yerləşən, bu qitələri birləşdirən dəniz ticarəti yollarının keçdiyi, zəngin enerji ehtiyatlarına malik Aralıq dənizi regionunda söz sahibi olmaq istəyir. Bu siyasətə Rusiyanın imperiya keçmişindən qalan isti dənizlərə çıxmaq strategiyasının davamı kimi baxmaq lazımdır. 2014-cü ildə Krımın ilhaqı və militarizasiyası ilə Qara dənizdə mövqelərini gücləndirən Rusiya bu siyasətin davamı kimi Aralıq dənizində də möhkəmlənir. Bu iki dəniz Türkiyənin nəzarətində olan boğazlar vasitəsilə birləşir. Bundan başqa, Aralıq dənizini Atlantik okeanı ilə əlaqələndirən Cəbəllütariq boğazının geostrateji əhəmiyyəti də böyükdür. Ehtimal olunan NATO-Rusiya müharibəsi ssenarisində Rusiyanın maraqları türk boğazlarını nəzarətə götürməyi və ABŞ-ın Avropanın cənubuna hərbi qüvvə göndərməsinin qarşısını almaq üçün Cəbəllütariqi bağlamağı tələb edir. Bu səbəblə, Aralıq dənizində donanma saxlamaq çox vacibdir. (Xatırlatmaq yerinə düşər ki, hələ 1768-1774-cü illər Rus-Türk müharibəsi zamanı Rusiya donanması Balkanların xristian xalqlarının Osmanlıya qarşı üsyanlarına dəstək vermək, onların müstəqil dövlətlər qurmasına yardım etmək və Dardanel boğazı vasitəsilə arxadan Konstantinopola yaxınlaşıb, türkləri təslim olmağa məcbur etmək üçün Aralıq dənizinə ilk ekspedisiyaya çıxıb.)
Liviyanı əhəmiyyətli edən başqa bir amil odur ki, Afrikadan Avropaya əsas miqrasiya maşrutu buradan keçir. Rusiya bu marşrut üzərində nəzarət əldə edərək qaçqın axınından çox ehtiyatlanan Avropa hökumətləri üzərində təsir imkanı qazanmaq istəyir.
Türkiyəyə gəldikdə isə, onun da əsas maraqları Aralıq dənizi (xüsusən şərq hissəsi) ilə bağlıdır. Kipr sahillərində (Misir və İsrail akvatoriyasında da həmçinin) böyük təbii qaz ehtiyatları kəşf olunub. Kəşf olunmuş yataqların hansı dövlətin ərazi sularına aid olması, ehtiyatlara sahiblik, onların istismarı və nəqli məsələsi sahil dövlətləri, əsasən də Türkiyə ilə Yunanıstan arasında mübahisə mövzusudur. Yəni, dəniz sərhədlərinin delimitasiyası və ölkələrin müstəsna iqtisadi zonalarının müəyyən olunması məsələsində ciddi rəqabət və mübahisələr var. “Ərəb baharı” nəticəsində 2012-ci ildə Misirdə Türkiyənin iqtidar partiyasının siyasi müttəfiqi Müsəlman qardaşlarının hakimiyyətə gəlməsi Türkiyə hökumətini bu rəqabətdə önə çıxarmışdı, lakin bir il sonra prezident Məhəmməd Mursinin general Əbdülfəttah əl-Sisi tərəfindən devrilməsi və Müsəlman qardaşlarının terror təşkilatı elan olunmasından sonra Yunanıstan və Kipr bu vəziyyətdən, eləcə də İsrail-Türkiyə gərginliyindən faydalanmağa çalışdılar. 2019-cu ilin yanvarında Yunanıstan, Kipr, Misir, İsrail, İtaliya, İordaniya və Fələstinin iştirakı ilə Qahirədə Şərqi Aralıq Qaz Forumu yaradıldı. EastMed layihəsinin (İsrail-Kipr-Yunanıstan qaz boru xətti) həyata keçirilməsi istiqamətində işlər də sürətləndi. 1872 km uzunluğundakı bu boru kəməri ilə Avropaya ildə 10 milyard kubmetr İsrail qazının nəqli planlaşdırılır. Bu barədə rəsmi anlaşma 2020-ci il yanvarın 2-də (TBMM hökumətə Liviyaya əsgər göndərmək səlahiyyəti verdiyi gün) Afinada imzalandı. Türkiyə bu addımlara qarşı hələ 2019-cu il noyabrın 27-də Liviya MRH ilə dəniz sərhədlərinin delimitasiyası haqqında müqavilə bağlayıb. Bu sənədlə Yunanıstanın Krit adasının şərq hissəsi Türkiyə və Liviya ərazi sularına aid edilir. Müqaviləyə görə EastMed boru kəməri məhz buradan keçərək Yunanıstan torpaqları üzərindən İtaliyaya uzanmalıdır. Prezident Ərdoğan Liviya ilə imzalanmış anlaşmanın əhəmiyyətini belə izah edir: “Əgər Liviya və Kipr Türk Cümhuriyyəti ilə bu sahədə əməkdaşlığımız olmasa, bizə nəinki iqtisadi fəaliyyətlər üçün, hətta dənizə girmək və tilov atmaq üçün də sahil verməyəcəklər.” Türkiyə Aralıq dənizində 161 min kv. km ərazi sularına iddia edir və Liviya ilə imzaladığı müqavilə nəticəsində rəqiblərinin onu cəmi 41 min kv. km-lik dar sahəyə sıxışdırmaq planlarını əngəllədiyini düşünür.
Cəbhədə son durumLiviya cəbhəsindəki vəziyyətə qayıdaq. Tripoli müharibəsini qazanan MRH qüvvələrinin növbəti hədəfi Sirt şəhəri və onun cənubundakı Cufra aviabazasıdır. Tripolidən 450 km şərqdə yerləşən Sirt liman şəhəridir, Müəmmər Qəddafi burada doğulub və öldürülüb. Haftar bu ilin yanvar ayında yerli qəbilənin ona dəstək verməsindən sonra şəhəri ələ keçirib. Sirt-Əcdəbiyyə-Benqazi xətti Liviyanın enerji ehtiyatları ilə zəngin bölgəsidir, ölkə neftinin 60%-i neft ayparası adlandırılan bu ərazidə hasil edilir və orada neftayırma zavodları fəaliyyət göstərir. Haftar bu bölgədə neft hasilatını dayandırıb. Ərdoğan Sirt və Cufranı geri aldıqdan sonra neft yataqlarını da nəzarətə götürəcəklərini açıq bəyan edib. Hadisələrin bu cür inkişafı isə Rusiya başda olmaqla, Haftarın arxasındakı güclərin məğlubiyyəti anlamına gələcəyindən, onlar indi bu planın qarşısını almağa çalışırlar. Rusiyanın Liviyaya göndərdiyi 14 ədəd MiQ-29 və Su-24 hərbi təyyarəsi hazırda Cufradadır, vaqnerçilər isə Sirtə toplaşıb. Moskva Liviya ilə bağlı öz niyyətini açıq bildirmir, neytral olduğunu, heç bir tərəfə dəstək vermədiyini bəyan edir. Təbii ki, bu bəyanatlar reallıqla uyğun gəlmir, güman edilir ki, Rusiya hökuməti Sirt və Cufranı Suriyadakı Hmeymim aviabazası və Tartus dəniz bazasına bənzər şəkildə istifadə etməyi düşünür. Gümanlar özünü doğruldarsa, Rusiya NATO-nun cənubunda möhkəmlənmiş olacaq, bu isə ittifaqın və onun lideri ABŞ-ın maraqlarına təhlükədir. Bu səbəblə, Vaşinqton və NATO Türkiyənin Liviyada irəliləməsində və Rusiyanı oradan sıxışdırmasında maraqlıdır.
Birləşmiş Ərəb Əmirliklərinin də Sirt və Cufranın müdafiəsi üçün Haftara yardım göndərdiyi haqda xəbərlər var. Misir isə son günlər Liviya ilə sərhəddə hərbi qüvvə cəmləşdirib. Türkiyə hərbi hava və dəniz qüvvələri bununla əlaqədar Aralıq dənizində təlim keçirib və ehtiyac yaranarsa, Liviyadakı hərbi əməliyyatlara müdaxilə edə biləcəyini nümayiş etdirib. Eyni zamanda, Türkiyə hazırda Liviyadakı Vatiyə aviabazası və Misrata limanından istifadə etmək üçün Milli Razılıq Hökuməti ilə danışıqlar aparır. Belə bir şəraitdə prezident Putinin xarici işlər naziri Lavrov və müdafiə naziri Şoyqunu Ankaraya göndərməyə qərar verməsi düşünməyə əsas verir ki, Rusiya Türkiyə ilə açıq toqquşmaya girmədən diplomatik yolla hansısa həll yolu axtarışındadır. Lakin səfər son anda təxirə salınıb, bu isə tərəflər arasında anlaşılmazlığın hələ ki davam etdiyini göstərir. Rusiya hökuməti Liviyada atəşkəsə nail olmağa çalışır, halbuki hazırkı mərhələdə atəşkəs Türkiyə və onun dəstəklədiyi Liviya hökumətinin maraqlarına uyğun deyil, onlar cəbhədə üstün olduqları bir məqamda Sirt və Cufranı da nəzarətə götürmək istəyirlər. Bu səbəblə, Türkiyə hökuməti bildirir ki, Liviyanın qanuni hökumətinin razılığı olmadan Türkiyə və Rusiya atəşkəsə özbaşına qərar verə bilməz.
Bakı Araşdırmalar İnstitutu
Şahin Cəfərli