Avropa Komissiyası yunun 15-də Re-open EU saytını işə salır. Bu sayt Avropa İttifaqının hər bir ölkəsində giriş qaydaları və COVID-19 ilə bağlı digər vacib məlumatları izləməyə imkan verəcək.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Artıq konsulluqların, xarici işlər nazirliklərinin və digər rəsmi mənbələri veb saytlarını izləməyinizə ehtiyac yoxdur. Bütün ölkələr haqqında məlumatlar bir saytda toplanır və gündə bir dəfə yenilənir.
Re-open EU saytında siz Avropa İttifaqı ölkələrində sərhədlərin, nəqliyyatın və turizmin vəziyyəti ilə tanış ola bilərsiniz. Bunun üçün saytda daxil olaraq, maraqlanmaq istədiyiniz ölkəni seçmək lazımdır. Məsələn, Polşa. Bundan sonra səhifənin sağ tərəfində dörd bölüm açılacaq:
- İnformasiya
Burada Polşadakı rəsmi portallar, telefonlar və səyahət edənlər üçün digər faydalı məlumatlar təqdim olunur.
- Səyahət
Bu bölümdə Avropa İttifaqı ölkələrinin hər birində olan giriş məhdudiyyətləri barədə məlumat tapa bilərsiniz: yoxlamalar, koronavirus testi və karantin rejimi.
- Xidmət
Ölkənin əyləncə infrastrukturu və otel biznesi ilə burada tanış ola bilərsiniz. “Xidmət” bölümündə dükanların, kafelərin, barların iş fəaliyyətindəki məhdudiyyətlər, ekskursiyaların keçirilməsi qaydaları və digər məlumatlar əldə etmək mümkündür.
- Sağlamlıq və təhlükəsizlik
Bu bölümdə maska rejimi və sosial məsafənin qorunması haqqında əsas qaydalar əks olunub.
Əgər Avropa ölkələrinə səyahət etməyi planlaşdırırsınızsa, bu sayt getdiyiniz ölkə haqqında dolğun informasiya əldə etməyin ən yaxşı yollarından biridir.