Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib.
Bu barədə Banker.az-a AMB-dən deyilir.
Faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edilib.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın elan edilən hədəf intervalında saxlanılması, maliyyə sabitliyinin qorunması və iqtisadi aktivliyin dəstəklənməsi prioritetləri arasında optimal balansın qorunmasına yönəldiləcəkdir.
Bu qərar 19 iyun 2020-ci ildən qüvvəyə minir.
Cari ildə AMB 3 dəfə faiz dəhlizə dair qərar qəbul edib, yalnız birində faiz dərəcəsini endirib.
31 yanvar 2020-ci il tarixində keçirilmiş iclasda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7.5%-dən 7.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdi (9% və 5.5%).
19 mart 2020-ci il tarixində keçirilmiş iclasda isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdı. Mərkəzi Bank inflyasiya risklərinə görə uçot dərəcəsini sabit saxlamışdı.
01 may 2020-ci il tarixində isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25% və faiz dəhlizinin aşağı həddinin 6.75% səviyyəsində sabit saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilmişdir.







