“Saipem” şirkəti İlham Eminbəylini Azərbaycandakı filialının direktoru vəzifəsinə təyin edib.
Şirkət təyinatla bağlı qərarı qəbul edərkən, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin irəli sürdüyü iri neft-qaz layihələri çərçivəsində azərbaycanlı kadrların inkişafı və məşğulluğu təşəbbüsünü rəhbər tutub və İlham Eminbəylinin sahə üzrə peşəkar təcrübəsini nəzərə alıb.
Qeyd edək ki, İlham Eminbəyli 1975-ci ildə Azərbaycanda anadan olub. Azərbaycan Neft Akademiyasında “İstehsalatın və Əməliyyatların İdarə edilməsi” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmiş, həmçinin, Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirmişdir. Əmək fəaliyyətinə 1995-ci ildə Amerikanın Azərbaycandakı neft şirkəti nümayəndəliyində başlayıb. Sonradan, SOCAR-ın nəzdində fəaliyyət göstərən “BOS Şelf” şirkətində 19 il ərzində çalışıb. Son 12 il ərzində həmin şirkətin maliyyə şöbəsinin rəhbəri vəzifəsini icra edib.
2008-ci ildən etibarən İ. Eminbəyli “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində” MBA proqramı çərçivəsində “Korporativ Maliyyə” və ”Maliyyə Hesabatının Analizi” fənləri üzrə tədris fəaliyyəti ilə məşğuldur.
İ. Eminbəyli öz zəngin təcrübəsini, ölkədə 25 il ərzində mövcud olan və şirkət üçün strateji əhəmiyyətə malik olan, “Saipem Azerbaijan”-la bölüşüb, “Saipem”-in Azəri-Çıraq-Günəşli və Abşeron kimi iri miqyaslı neft-qaz layihələrinin icrası üzrə fəaliyyətinə rəhbərlik edəcək.